Polşanın təhlükəsizlik orqanları Rusiya kəşfiyyatına işləməkdə və Rusiyaya hərbi təyinatlı komponentlər göndərməkdə şübhəli bilinən şəxslərə qarşı əməliyyat keçirib. Dörd nəfər casusluq ittihamı ilə üç aylıq həbsə göndərilib.
Tribuna.az xəbər verir ki, Polşanın Daxili Təhlükəsizlik Agentliyi (ABW) Rusiyanın hərbi potensialının gücləndirilməsinə kömək etməkdə şübhəli bilinən altı nəfəri saxlayıb.
Polşanın xüsusi xidmətlər üzrə koordinatoru Tomaş Semonyakın açıqlamasına görə, saxlanılanların beşi 25-52 yaşlarında Polşa vətəndaşları, biri isə 37 yaşlı Rusiya vətəndaşıdır.
İstintaqın məlumatına əsasən, qrup Rusiyaya qanunsuz yollarla böyük həcmdə hərbi təyinatlı komponentlər göndərib. Bu hissələrdən döyüş sursatlarının və silah sistemlərinin istehsalında istifadə edildiyi bildirilir.
Araşdırma zamanı müəyyən edilib ki, şübhəlilər 2023-cü ilin iyunundan 2025-ci ilin dekabrınadək Polşa, Litva və Rusiya ərazilərində fəaliyyət göstəriblər. Onlar hərbi komponentləri sifariş edir, satın alır və Rusiyanın Kalininqrad vilayətinə daşıyıblar.
Məlumata görə, malların daşınması üçün gizli bölmələri olan avtomobillərdən istifadə edilib. Qaçaqmalçılıq yolu ilə aparılan hərbi komponentlərin ümumi dəyərinin 2 milyon Polşa zlotisini, yəni təxminən 455 min avronu keçdiyi bildirilir.
Saxlanılan altı nəfərin hamısı mütəşəkkil cinayətkar qrupda iştirak və hərbi təyinatlı məhsulların qanunsuz ixracı ilə bağlı ittihamlarla üzləşib. Onlardan dördünə əlavə olaraq casusluq ittihamı irəli sürülüb və məhkəmənin qərarı ilə üç ay müddətinə həbs qətimkan tədbiri seçilib. Digər iki nəfər barəsində isə azadlıqdan məhrumetmə ilə bağlı olmayan qabaqlayıcı tədbirlər tətbiq edilib.
Əməliyyat çərçivəsində oktyabrın 21-dən noyabrın 2-dək Polşanın üç bölgəsində 21 ünvanda axtarış aparılıb.
Polşanın xüsusi xidmət orqanlarının rəhbəri bildirib ki, 2024-cü il yanvarın 1-dən indiyədək ölkədə casusluq və təxribat araşdırmaları çərçivəsində təxminən 100 nəfər şübhəli şəxs qismində müəyyən edilib.
Araşdırma davam etdirilir.









