Ağıllı saatlar, şirin qazlı içkilər və çipsilər qiyməti növbəti ildən bahalaşa bilər.
Tribuna.az xəbər verir ki, təklif olunan dəyişikliklərə əsasən, bu məhsullar Azərbaycanda aksizli malların siyahısına daxil ediləcək. Vergi məhsulların idxalı və yerli istehsalı zamanı tətbiq olunacaq.
Bu isə həmin məhsulların maya dəyərinə və nəticədə pərakəndə satış qiymətinə təsir göstərə bilər. Lakin qiymət artımının məbləği mütləq aksiz vergisi qədər olmayacaq.
Verginin məhsullara təsiri belə hesablanır:
Ağıllı saatlar: Hər saata 20 manat aksiz tətbiq ediləcək. Məsələn, 100 manatlıq saatın qiyməti vergi tam alıcıya ötürülərsə, 120 manata çata bilər.
Şirin qazlı içkilər: Hər litrə 10 qəpik vergi nəzərdə tutulur. 500 ml içkiyə 5 qəpik, 2 litrlik içkiyə 20 qəpik əlavə vergi düşür.
Çipsi: Hər kiloqrama 1 manat aksiz tətbiq olunacaq. 100 qramlıq çipsiyə 10 qəpik, 200 qramlığa 20 qəpik, 500 qramlığa isə 50 qəpik vergi düşəcək.
Qiymətlər nə qədər artacaq?
Aksiz vergisi istehsalçı və idxalçıların vergi yükünü artıracaq. Onlar bu xərci satış qiymətinə daxil edərlərsə, məhsullar bahalaşacaq. Lakin qiymət artımının dəqiq məbləği bazar rəqabətindən və şirkətlərin qiymət siyasətindən asılı olacaq.
Gülşən Rəsul









