ABB-in investisiya şirkətinin birja itkiləri 5,3 milyard manata çatıb

ABB-in investisiya şirkətinin birja itkiləri 5,3 milyard manata çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABB İnvest İnvestisiya Şirkəti” QSC-nin 2026-cı ilin yanvar-oktyabr aylarında Bakı Fond Birjasında (BFB) dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 16,7% azalıb.

Tribuna.az xəbər verir ki, şirkətin 10 aylıq birja dövriyyəsi 26 milyard 490,9 milyon manat təşkil edib. 2025-ci ilin müvafiq dövründə bu göstərici 31 milyard 784,3 milyon manat olub.

Beləliklə, “ABB İnvest”in birja dövriyyəsi illik müqayisədə 5 milyard 293,4 milyon manat və ya 16,7% azalıb.

Bununla belə, şirkət dövriyyənin həcminə görə BFB üzvləri arasında ötənilki ikinci pillədən birinci yerə yüksəlib.

Dövriyyənin azalmasına baxmayaraq, “ABB İnvest”in həyata keçirdiyi əməliyyatların sayında artım qeydə alınıb.

2025-ci ilin yanvar-oktyabr aylarında şirkət 21 809 əqd bağladığı halda, 2026-cı ilin eyni dövründə bu göstərici 26 863-ə yüksəlib.

Beləliklə, əqdlərin sayı 5 054 ədəd və ya 23,2% artıb.

Bununla yanaşı, bir əqdə düşən orta dövriyyə təxminən 1,46 milyon manatdan 986,1 min manata enib. Bu isə orta əqd məbləğinin 32,3% azalması deməkdir.

2026-cı ilin yanvar-sentyabr aylarında “ABB İnvest”in birja dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard manata yaxın və ya 10,5% azalmışdı.

Beləliklə, doqquz aylıq nəticələrlə müqayisədə illik azalma tempi 6,2 faiz bəndi artıb.

Qeyd edək ki, “ABB İnvest İnvestisiya Şirkəti” QSC 2020-ci ildə yaradılıb və Azərbaycan Beynəlxalq Bankının törəmə şirkətidir. Şirkət kapital bazarında investisiya xidmətləri göstərir.

Fərda Uğur