Tanınmış idman telejurnalisti İlkin Xəlilov maraqlı təklif irəli sürüb.
Tribuna.az xəbər verir ki, o, noyabrın 19-da Xankəndi stadionunun ev oyunları üçün arena kimi təqdim olunacağını bildirərək, fərqli ideya ilə çıxış edib.
İlkin Xəlilov sosial media hesabında əvvəlcə yazıb ki, Azərbaycan futbolu adına tarixi gün olacaq: “Müstəqillik dövründə ilk dəfə Xankəndi stadionu bir (yanvardan iki) klubun ev oyunları üçün arena kimi təqdim olunacaq. Sovet dövründəki Stepanakert “Qarabağ”ının 99 faiz ermənilərdən ibarət olduğunu nəzərə alsaq, ilk dəfə təmiz Azərbaycan klubları Xankəndini təmsil edəcək: ” Xankəndi” FK və MOİK. Gözəl hadisədir”.
O, ardınca təklifini yazıb: “Noyabrın 19-da keçiriləcək “Xankəndi” – “Karvan Yevlax” matçı üçün bir təklifim var. Belə ki, bu oyunda Xankəndi futbolunda izi olan 3 şəxsin rəmzi iştirakı əla olar. Sovet dövründə Xankəndi klubunda oynamış son iki azərbaycanlı Munis Abdullayev və Samir Ələkbərovdur, həmçinin Xankəndidə doğulmuş, futbolun sirlərini burada öyrənmiş, sonradan Ağdam “Qarabağ”ında oynamış Emin Salmanovdur. Munis Abdullayevə noyabrın 19-dakı oyuna hakim-inspektor kimi təyinat verilə bilər, Samir Ələkbərovla Emin Salmanov isə oyuna mərkəzdən başlayar bilər. Yəni Azərbaycan futbolunun 38 ildən sonra Xankəndiyə qayıdışının simvolik rəmzi olaraq. İndi son qərar Peşəkar Futbol Liqasının…”
Tribuna.az bu xüsusda qeyd edir ki, Emin Salmanov “Qarabağ”ın veteran futbolçusu, ən əsası isə əfsanəvi Azərbaycan futbolçusu Anatoli Banişevskinin şagirdidir.
Eyni zamanda, o, “Neftçi”, “Sabah” kimi klublarda uşaq futbolunun inkişafında mühüm rol oynayıb, yüzlərlə gələcəyin futbolçusunu yetişdirməkdə bir məşqçi kimi əməyi var. Onu da vurğulamaq lazımdır ki, Emin Salmanov 2019-cu ildə “Neftçi” U 12 komandasını finala gətirib və çempionluq yaşadıb.
İndi isə jurnalist İlkin Xəlilov çox maraqlı təklif verib. Onun fikrincə, Xankəndidə illər sonra ilk oyunda topa rəmzi toxunuşu Emin Salmanov və Samir Ələkbərov edə bilər. Həqiqətən də bu simvolik addımı atmaq mümkündür.
Həsən Ağa










