ABŞ Prezidenti Donald Tramp İranla davam edən müharibəni müdafiə edərək Vaşinqtonun münaqişəyə başlamadığını bildirib. O, ABŞ-ın hərbi əməliyyatlar nəticəsində qalib gəldiyini iddia edib və müharibənin yalnız “tam qələbə” əldə edildikdən sonra başa çatmasını istədiyini vurğulayıb.
Tribuna.az xəbər verir ki, Tramp bu fikirləri noyabrın 11-də Veteranlar Günü münasibətilə Virciniya ştatındakı Arlinqton Milli Qəbiristanlığında keçirilən mərasimdə çıxışı zamanı səsləndirib.
“Amerika İranla müharibəyə başlamayıb. İran 1979-cu ildən bəri Amerikaya qarşı müharibə aparır. Bu məsələ çoxdan həll edilməli idi”, – deyə Tramp bildirib.
ABŞ prezidenti administrasiyasının hərbi əməliyyatlarını müdafiə edərək Vaşinqtonun İranın addımlarına cavab verdiyini söyləyib. Onun sözlərinə görə, ABŞ artıq hərbi baxımdan qalib gəlib, lakin məqsəd qismən deyil, tam qələbə əldə etməkdir.
“Biz qalib gəldik. Sadəcə, müharibəni nə vaxt başa çatdıracağımız məsələsi qalıb. 93 faizlik deyil, tam qələbə istəyirik”, – Tramp qeyd edib.
O, ABŞ-ın zərbələri nəticəsində İranın dağıdılmış hərbi potensialını bərpa etməsinin 25 il çəkə biləcəyini də iddia edib. Prezident münaqişənin yaxın zamanda başa çatacağını gözlədiyini bildirib.
Bununla yanaşı, Trampın son açıqlamaları Vaşinqtonun hərbi əməliyyatları dayandırmaq ehtimalını da gündəmdə saxladığını göstərir. O, noyabrın 9-da jurnalistlərə açıqlamasında hazırkı mərhələdə İrana qarşı yeni genişmiqyaslı zərbələrin zəruri görünmədiyini, lakin ABŞ ordusunun istənilən vəziyyətə hazır olduğunu demişdi.
İran tərəfi isə Vaşinqtonun tələblərinə, xüsusilə nüvə proqramı ilə bağlı güzəştlərə qarşı mövqeyini qoruyur. Tehran ABŞ-ın hərbi bazalarına, o cümlədən Avropadakı obyektlərinə zərbə endirmək ehtimalını da gündəmə gətirib.
İmran Kərimli









