“Microsoft” şirkətinin xidmətlərində baş verən genişmiqyaslı texniki nasazlıq dünyanın 74 ölkəsində istifadəçilərə təsir edib. “Outlook”, “Teams” və “Copilot” daxil olmaqla, “Microsoft 365” platformasının bir sıra xidmətlərində problemlər yaranıb. Nasazlıq xüsusilə elektron poçt və işgüzar yazışmalardan istifadə edən şirkətlərin fəaliyyətinə təsir göstərib.
Tribuna.az BBC News-a istinadən xəbər verir ki, problemin miqyası cəmi bir saat ərzində genişlənib. “Downdetector” platformasının məlumatına görə, noyabrın 12-də “Outlook”la bağlı şikayətlərin sayı 140 minə yaxınlaşıb. Bu göstərici adi vaxtlarla müqayisədə 2 mindən çox dəfə yüksək olub.
İstifadəçilər elektron poçt qutularına daxil ola bilmədiklərini, məktubları göndərmək və qəbul etməkdə çətinlik çəkdiklərini bildiriblər. Bəzi hallarda təqvim və digər iş alətlərinin məlumatları da əlçatmaz olub.
Nasazlıq ABŞ, Böyük Britaniya, Yaponiya, Sinqapur və Avstraliya da daxil olmaqla müxtəlif ölkələrdə qeydə alınıb. Problem “Microsoft 365” xidmətlərindən istifadə edən beynəlxalq şirkətlərin və təşkilatların gündəlik iş proseslərini də çətinləşdirib.
Nasazlığın səbəbi nə olub?
“Microsoft” problemin səbəbinin serverlərin gözlənilmədən sıradan çıxması olduğunu açıqlayıb. Şirkətin bildirdiyinə görə, bir sıra serverlərin əlçatmaz olması qalan infrastrukturun üzərinə həddindən artıq yük düşməsinə səbəb olub. Bu isə digər xidmətlərin də normal fəaliyyətinə maneə yaradıb.
Şirkət problemin kiberhücumla əlaqəli olduğuna dair hər hansı əlamət aşkar etmədiyini bildirib. Nasazlığın aradan qaldırılması üçün təsirlənmiş serverlərin yenidən işə salınması və sistemlərin bərpası istiqamətində tədbirlər görülüb. Sonrakı açıqlamada “Microsoft” bərpa prosesində müsbət nəticələrin əldə olunduğunu və xidmətlərin mərhələli şəkildə fəaliyyətə qaytarıldığını qeyd edib.
Süni intellekt platformaları da təsirlənib
Texniki problem yalnız “Microsoft” xidmətləri ilə məhdudlaşmayıb. Süni intellekt sahəsində fəaliyyət göstərən “OpenAI” və “Anthropic” şirkətləri də öz sistemlərinin “Microsoft” xidmətləri ilə bağlantısında problemlər yarandığını təsdiqləyiblər.
“OpenAI” yeni bağlantıların qurulmasında çətinliklər yarandığını və bəzi alətlərin gözlənildiyi kimi işləmədiyini araşdırdığını bildirib. “Anthropic” isə “Microsoft 365” ilə inteqrasiyaya təsir edən problem aşkar etdiyini açıqlayıb.
Hadisə bir daha göstərib ki, dünyanın müxtəlif ölkələrində milyonlarla insanın gündəlik işinin asılı olduğu bulud xidmətlərində baş verən texniki nasazlıqlar qısa müddətdə qlobal miqyasda problemlər yarada bilər.
İmran Kərimli









