“Yağış zamanı şəhəri su basması, bu problemin həlli kadr məsələsi ilə əlaqəli deyil. Şəhərsalmada problem var, buna isə birbaşa Bakı Şəhər İcra Hakimiyyəti cavabdehdir. Çünki şəhərsalma məhz onun imzasının altından keçir. Həmçinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsi. Kimlər şəhərdə çoxmərtəbəli binaların tikintisinə imza çəkib, kanalizasiyaları hesablamayıb, onların hamısı cavabdehdir. Həmçinin şəhərdə asfaltlama aparanlar, kanalizasiya çəkənlər məsuliyyət daşıyırlar…”
Tribuna.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.
N.Cəfəroğlu bildirib ki, aidiyyəti qurumlar şəhərdə kanalizasiyaların çoxunun üzərini bağlayıblar: “Qurumlar yağış zamanı yaranan problemə cavabdehdirlər. Millətin qarşısında cavab verməlidirlər. Hər şeyi Prezidentin üstünə atıblar. Tikirlər, sonra ərizə ilə Prezidentin üstünə gedirlər. Bu məmurlar fikirləşməlidirlər ki, öz işləri nədir… Cənab Prezident hansı işə baxsın? Dövlət məsələlərinə, yoxsa Azərbaycanın təhlükəsizliyinə, qorunmasına, diplomatik məsələlərə? Bir dəfə də nazirlər cavabdeh olsunlar”.









