“Ege Hospital” və “Referans Həyat” klinikalarında qarşılaşdığı münasibətdən narazı qalan vətəndaş Kənan Quluzadə şikayətini sosial şəbəkədə paylaşıb.
Tribuna.az xəbər verir ki, şikayətçinin sözlərinə görə, boynunda olan kiçik şiş böyüyərək (epidermal kist) narahatlıq yaratdığı üçün sığorta vasitəsilə Ege Hospitalda cərrah Edgard Nurməmmədovun qəbuluna yazılıb. Təyin olunan vaxtda klinikaya getsə də, həkimin əməliyyatda olduğunu öyrəndiyini bildirib. Həkimin nə vaxt gələcəyinin məlum olmadığını, hətta həmin gün ümumiyyətlə gəlməyə biləcəyini deyiblər.
Şikayətçinin sözlərinə görə, əvvəlcədən məlumatlandırılmamasının səbəbini soruşduqda klinika əməkdaşları ona “O qədər pasiyent var ki, nə edə bilərik?” məzmununda cavab veriblər. Həkimlə əlaqə saxlamaq cəhdləri də nəticəsiz qalıb.
Şikayətçi qeyd edib ki, həkim mesajına yalnız iki saat sonra cavab verib, şikayətini bildirdikdə isə mesajını oxusa da, cavab yazmayıb.
Daha sonra sığorta vasitəsilə “Referans Həyat” klinikasına, Şükür adlı başqa bir həkimin qəbuluna yönləndirildiyini deyən vətəndaş burada da oxşar vəziyyətlə üzləşdiyini iddia edib.
Onun sözlərinə görə, həkim USM müayinəsindən keçməsini və bundan sonra problemin həll olunacağını bildirib.
Lakin pasiyent üç saat USM növbəsində gözləyib nəticəni əldə etdikdən sonra həkimin klinikadan getdiyini öyrənib.
Kənan Quluzadə həkimlə əlaqə saxladıqda isə ondan “O əməliyyatdan mənə cəmi 8 manat pul qalır, ona görə mən niyə əziyyət çəkim?!” cavabını aldığını bildirib.
Şikayətçi bildirib ki, hər iki həkimin davranışı səbəbindən sadə bir prosedur üçün bütün günü vaxt itirib.
O, “Ege Hospital” və “Referans Həyat” klinikalarının rəhbərliyinə müraciət edərək həkimlərin sığorta ilə işləmək istəmədiyi halda bunun pasiyentlərə əvvəlcədən bildirilməli olduğunu vurğulayıb.
“Xəstəni qəbula çağırıb gəlməmək nə deməkdir? Xəstəni əməliyyat etməyəcəksə, saatlarla gözlətmək nə deməkdir?” – deyə Kənan Quluzadə narazılığını ifadə edib.
Adı çəkilən klinikaların mövqeyini dərc etməyə hazırıq.
Gülşən Rəsul









