“PAŞA Həyat Sığorta” ASC-nin məcmu kapitalı 2026-cı il sentyabrın 30-na 54 milyon 706 min manat təşkil edib. Bu, ötən ilin eyni tarixi ilə müqayisədə 20 milyon 615 min manat və ya 27,4% azdır.
Tribuna.az xəbər verir ki, bu barədə şirkətin 2026-cı ilin üçüncü rübü üzrə maliyyə hesabatında bildirilib.
Hesabata əsasən, 2025-ci il sentyabrın 30-na şirkətin məcmu kapitalı 75 milyon 321 min manat olub.
Hesabat dövründə şirkətin tələb olunan kapitalı da 27 milyon 24 min manatdan 21 milyon 59 min manata enib. Bu, illik müqayisədə 5 milyon 965 min manat və ya 22,1% azalma deməkdir.
Nəticədə şirkətin kapital buferi 48 milyon 297 min manatdan 33 milyon 647 min manata düşüb. Beləliklə, kapital buferi bir il ərzində 14 milyon 650 min manat və ya 30,3% azalıb.
Bununla yanaşı, şirkətin ödənilmiş nizamnamə kapitalı dəyişməyərək 40 milyon 250 min manat səviyyəsində qalıb.
Şirkətin bölüşdürülməmiş mənfəəti isə 2025-ci ilin sentyabrın 30-na olan 88 milyon 215 min manatdan 2026-cı ilin eyni tarixinə 82 milyon 578 min manata enib. Bu göstərici üzrə azalma 5 milyon 636 min manat və ya 6,4% təşkil edib.
Qeyd edək ki, “PAŞA Həyat Sığorta” 2026-cı ilin yanvar-sentyabr aylarını 41 milyon 147 min manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,5% çoxdur.
Beləliklə, şirkətin mənfəətlə fəaliyyət göstərməsinə baxmayaraq, məcmu kapitalı və kapital buferi illik müqayisədə əhəmiyyətli dərəcədə azalıb. Bununla belə, məcmu kapital tələb olunan kapital səviyyəsindən yüksək olaraq qalır.
Qeyd edək ki, “PAŞA Həyat Sığorta” ASC 2010-cu ildə təsis edilib. Şirkət “PAŞA Holding” qrupuna daxildir və həyat sığortası sahəsində fəaliyyət göstərir.
Fərda Uğur









