Tribuna.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp “The New York Times” qəzetinin yaxın gələcəkdə fəaliyyətini dayandırmağa məcbur qalacağını iddia edib.
Tramp bu barədə “Truth Social” platformasında paylaşım edib. O, qəzetin onun haqqında uzun illərdir yazdığını, lakin xəbərləri hazırlayarkən faktları yoxlamadığını bildirib.
ABŞ prezidenti “The New York Times”ı etibarsız media qurumu adlandıraraq qəzetin tiraj və reytinqlərinin də aşağı düşdüyünü iddia edib.
Tramp qəzetin onun Mayamidəki “Trump National Doral” kurortu ilə bağlı materialını da tənqid edib. O, nəşrin kurortun fotosunu qəsdən pis göstərdiyini və bunun “süni xəbər” nümunəsi olduğunu bildirib.
ABŞ prezidenti həmçinin “The New York Times”ın ölkənin uğursuzluğunu istəyən şəxslərə xidmət etdiyini iddia edib və qəzetin jurnalistləri Peter Baker və Maggie Habermanı sərt ifadələrlə tənqid edib.
Tramp paylaşımının sonunda qəzetin “çox da uzaq olmayan gələcəkdə” bağlanmağa məcbur qalacağını yazıb və bunun ABŞ üçün “əla gün” olacağını bildirib.
Qeyd edək ki, Trampın açıqlaması onun ikinci prezidentlik dövründə ABŞ mediası ilə davam edən qarşıdurmasının növbəti nümunəsi kimi qiymətləndirilir.
Tribuna.az









