İstanbulda narkotik vasitələrlə bağlı aparılan istintaq çərçivəsində məşhur simalara qarşı yeni əməliyyat keçirilib.
Tribuna.az xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun qərarı ilə barələrində saxlanılma qərarı çıxarılan 35 şübhəlidən 23-ü saxlanılıb.
Saxlanılanlar arasında müğənni Özcan Dəniz, eləcə də aktrisalar Dəniz Çakır və Burcu Özberk də yer alıb.
Ümumilikdə saxlanılan 23 nəfərin Dəniz Sözen, Mehmet Can Karcı, Murat Ceylan, Dəniz Çakır Baykal, Pınar Bent, Ceylan Kaya, Işıl Işık Demir, İbrahim İzzet Özilhan, Burhan Karaca, Cem Güler, Erdal Bozkuş, İbrahim Yılmaz, Özcan Dəniz, Saghar Shojaei, İlknur Şahin, Burcu Özberk, Meltem Özkaya, Seher Grothe Sevdişan, Murat Başoğlu, Ufuk Gündoğdu, Onur Yüksel, Cansu Taşkın və Muammer Kapucuoğlu olduğu bildirilir.
Baş Prokurorluğun açıqlamasına görə, istintaq fahişəlik, narkotik və ya psixotrop maddələrin ticarəti, narkotik vasitələrin əldə edilməsi, istifadəsi və saxlanılması ilə bağlı cinayətləri əhatə edir.
Şübhəlilərin və şahidlərin ifadələri, mobil telefonlar və digər rəqəmsal materiallarla bağlı ekspertiza rəyləri, eləcə də gizli şahidlərin məlumatları qiymətləndirildikdən sonra 35 nəfər barəsində saxlanılma qərarı verilib.
Qeyd edək ki, saxlanılan şəxslər tibbi müayinədən keçirildikdən sonra narkotik testi üçün Ədliyyə Tibb Qurumuna aparılır. Daha sonra prokurorluqda ifadələri alınır və onların sərbəst buraxılması və ya məhkəməyə göndərilməsi ilə bağlı qərar qəbul edilir.
İstanbul Respublika Baş Prokurorluğunun məşhur simalara qarşı apardığı istintaq çərçivəsində 2025-ci il oktyabrın 8-dən etibarən bir sıra əməliyyatlar keçirilib. İstintaqa musiqiçilər, aktyorlar, menecerlər və iş adamları da cəlb olunub.









