Gürcüstanda hakimiyyət etirazçıların qarşısında geri çəkildi və “xarici agent haqqında” qanunun qəbulundan imtina etsə də, Tiflis küçələrinin bununla sakitləşəcəyi ehtimalı azdır. Çünki ABŞ-ın kəşfiyyat şəbəkəsinin fəaliyyətinə mane ola biləcək qanun burada prosesin görünən tərəfidir, böyük tabloda isə Gürcüstan Vaşinqton üçün Cənubi Qafqazda Rusiyaya, Avrasiyada Çinə qarşı mübarizə coğrafiyalarından birini təşkil edir.
Tribuna.az-ın məlumatına görə, Gürcüstanda baş verənləri şərh edən siyasi ekspert Asif Nərimanlı bildirib ki, bu baxımdan, İvanişvilinin “xaç atası” olduğu sistemin dəyişməsi uğrunda mübarizənin aktiv mərhələyə keçəcəyi gözləntisi böyükdür:
“Azərbaycanın Qərb qapısı olan Gürcüstanda ABŞ-ın, yaxud Çinin “qalib” olması bizim perspektiv maraqlarımız üçün o qədər də böyük risk yaramır, hər iki halda Avropa bazarına çıxmaq və Asiya bazarına körpü olmaq imkanımız qalır. Ən böyük risk Avropa bazarına çıxış qapımızda Rusiyanın “qalib” olmasıdır”.









