Ölkələrin taleyi təhsil menecerlərinin əlindədir
Müasir dünyada dövlətlərin gücü artıq yalnız təbii sərvətlərlə, hərbi potensialla, coğrafi mövqe ilə ölçülmür. XXI əsrdə ölkələrin əsas rəqabət üstünlüyü onların insan kapitalıdır. İnsan kapitalını formalaşdıran əsas sistem isə təhsildir. Təhsilin keyfiyyəti zəifləyən ölkələr uzun müddətdə iqtisadi, texnoloji, elmi, siyasi baxımdan geriləməyə başlayır.
Təhsil silahdır, onun səmərəsi bu silahın kimin əlində olmasından, kimə qarşı istifadə edilməsindən asılıdır. Bu mühüm bir strateji fikirdir. Burada “silah” anlayışı, təbii ki, məcazi mənada işlədilir. Təhsil insan düşüncəsini, milli kimliyi, cəmiyyətin dəyərlər sistemini, dövlətin gələcəyini formalaşdıran ən güclü vasitədir.
Əslində tarix boyu böyük dövlətlər yalnız ordu ilə deyil, təhsil sistemi ilə qurulmuşdur. Ordu sərhədləri qoruyur, təhsil isə milli şüuru, intellektual potensialı, strateji düşüncəni formalaşdırır. Bu səbəbdən təhsil sadəcə sosial sahə deyil — milli təhlükəsizlik məsələsidir.
Dövlətlərin rəqabətqabiliyyətliyi haradan başlayır?
Təhsli millətin gələcəyidir (Heydər Əliyev). Müasir iqtisadiyyatın əsas resursu artıq neft və qaz deyil. Ən böyük resurs insanın biliyi, yaradıcılığı, innovasiya potensialıdır. Margaret Thatcherin məşhur bir fikri bunu dəqiq ifadə edir: “Ölkənin zənginliyi təbii sərvətlərin çoxluğundan asılı deyil. Ölkənin ən vacib resursu onun insanlarıdır. Dövlət sadəcə insanların istedadının inkişafı üçün zəmin yaratmalıdır.” Bu fikir müasir dövlət idarəçiliyinin əsas formuluna çevrilib.
Təhsilin səviyyəsi təhsil menecerlərinin peşəkarlığından asılıdır.
Bu gün ölkənin inkişaf zənciri belədir: ölkənin iqtisadi inkişafı və rəqabətqabiliyyətliyi insanların rəqabətqabiliyyətliyindən, insanların rəqabətqabiliyyətliyi təhsilin səviyyəsindən, təhsilin səviyyəsi isə təhsil menecerlərinin peşəkarlığından asılıdır. Bu zəncirin ən mühüm halqası isə məhz təhsil meneceridir. Çünki, zəif təhsil menecmenti, yanlış strategiya, təsadüfi idarəetmə bütün təhsil sistemini zəiflədə bilər. Bunun fəsadları isə ağırdır.
Təhsil təsadüfi adamlara həvalə edilə bilməz
Bir çox inkişaf etmiş ölkələrdə təhsil idarəçiliyi strateji idarəetmə, insan kapitalı siyasəti, milli inkişaf modeli kimi qəbul olunur. Çünki təhsil gələcəyin iqtisadiyyatını, texnologiyasını, elmini, milli düşüncəsini hazırlayır. Lakin bəzi hallarda təhsil idarəçiliyində peşəkarlıqdan çox formalizm, strateji baxışdan çox statistik hesabatçılıq, inkişafdan çox inzibati yanaşma üstünlük təşkil edir. Nəticədə, məktəblər innovasiya yarada bilmir, universitetlər qlobal rəqabətdə geri qalır, müəllim nüfuzu zəifləyir, məzun əmək bazarının tələblərinə uyğunlaşa bilmir.
Ən təhlükəli tərəf isə budur ki, təhsildə səhvin nəticəsi dərhal görünmür. İqtisadiyyatda yanlış qərarın təsiri bir neçə ilə hiss oluna bilər. Təhsildə isə yanlış idarəetmənin nəticəsi 10, 15, 20 il sonra ortaya çıxır. Çünki zəif təhsil sistemi zəif iqtisadiyyat, zəif dövlət idarəçiliyi, zəif innovasiya mühiti, zəif insan kapitalı yaradır.
Təhsil meneceri kim olmalıdır?
Müasir dövrdə təhsil meneceri sadəcə inzibatçı deyil. O, strateq, pedaqoq, analitik, innovasiya lideri, insan kapitalı memarı olmalıdır. Təhsil meneceri pedaqogikanı, təhsil fəlsəfəsini, kurikulum dizaynını, təlim analitikasını, rəqəmsal transformasiyanı, süni intellekt əsaslı təhsil modellərini bilməlidir. Burada əsas məsələ formal vəzifə deyil, sistemli düşüncədir. Çünki XXI əsrin təhsil sistemi klassik idarəetmə ilə deyil, smart idarəetmə modeli ilə işləyir. Müasir təhsil meneceri dəyişən əmək bazarını, texnoloji transformasiyanı, süni intellektin təsirini, rəqəmsal iqtisadiyyatı anlamalıdır. Əks halda təhsil sistemi gələcəyin deyil, keçmişin problemlərini həll etməyə çalışacaq.
Xarici dil bilmək peşəkarlıq demək deyil
Son illərdə bəzən belə təsəvvür formalaşır ki, xarici dil bilmək avtomatik olaraq peşəkarlıq göstəricisidir. Halbuki təhsil idarəçiliyində əsas məsələ dili bilmək deyil, təhsil elmini bilməkdir. Əlbəttə, beynəlxalq təcrübəni öyrənmək vacibdir. Lakin pedaqogikanı anlamayan, milli konteksti bilməyən, insan kapitalı fəlsəfəsini dərk etməyən şəxs yalnız xarici terminlərlə təhsil sistemi qura bilməz. Peşəkar təhsil meneceri milli-mənəvi dəyərləri qorumalı, qlobal təhsil tendensiyalarını bilməli, milli maraqlarla qlobal çağırışlar arasında balans qurmalıdır. Çünki təhsil yalnız texnologiya deyil, həm də milli kimlik və mədəni təhlükəsizlik məsələsidir.
Təhsil silahdır, bəs bu silahın sahibi kimdir?
“Təhsil silahdır” fikrinin ən mühüm hissəsi, bu silahın kimin əlində olması, hansı məqsədlə istifadə edilməsidir. Çünki təhsil özlüyündə neytral vasitədir. Əgər təhsil peşəkar, vicdanlı, milli düşüncəli, strateji baxışlı, dürüst insanların əlindədirsə, o zaman yaradıcı insan, güclü iqtisadiyyat, innovativ cəmiyyət, sağlam milli düşüncə formalaşdırır (Cənubi Koreya, Yaponiya, Finlyandiya v.s. nümunələri yada sla bilərik). Belə təhsil sistemi azad düşünən, tənqidi təhlil edən, məsuliyyətli, vətənpərvər nəsil yetişdirir. Lakin təhsil qeyri-peşəkar, korrupsiyalaşmış, strateji düşüncəsi olmayan, manipulyativ idarəçilərin əlində olduqda ciddi təhlükəli alətə çevrilə bilər. Belə hallarda təhsil kreativ düşünən, innovativ insan yox, biokütlə formalaşdırır. Tarixdə bəzi idarəetmə sistemləri təhsildən ideoloji manipulyasiya, düşüncəyə nəzarət, sosial idarəetmə vasitəsi kimi istifadə etmişdir. Bu səbəbdən təhsil sahəsində səriştəsizlik yalnız idarəetmə problemi deyil, bu gələcəyin ciddi problemi, milli təhlükəsizlik məsələsidir.
XXI əsrdə təhsil və süni intellekt çağırışı
Bu gün dünya süni intellekt, rəqəmsallaşma, avtomatlaşdırma, informasiya müharibələri
dövrünə daxil olur. Belə şəraitdə klassik təhsil modeli artıq kifayət etmir. Müasir təhsil smart education, SI əsaslı təlim analitikası, adaptiv kurikulum, fərdi öyrənmə üzərində qurul ur. Əgər təhsil menecerləri texnoloji dəyişiklikləri anlamırsa, rəqəmsal transformasiya düşüncəsinə sahib deyilsə, süni intellektin təhsilə təsirini analiz edə bilmirsə, ölkənin təhsil sistemi qlobal rəqabətdə geri qalacaq. Gələcəyin güclü dövlətləri ən çox resursa malik olanlar deyil, ən güclü rəqəmsal insan kapitalını yetişdirən ölkələr olacaq. Bu isə peşəkar müəllim, peşəkar universitet, peşəkar təhsil menecmenti olmadan mümkün deyil.
Təhsil menecmentində yanlış seçimlərin qiyməti
Təhsil sistemində yanlış kadr siyasəti bir məktəbin deyil, bütöv bir nəslin, dövlətin və millətin problemlərinə çevrilə bilər. Çünki, zəif müəllim bir sinfi, zəif direktor bir məktəbi, zəif təhsil meneceri isə bütöv sistemi zəiflədə bilər.
Bu gün bir çox ölkələrin inkişaf fərqinin əsas səbəbi insan kapitalına münasibət, təhsil strategiyası, təhsil idarəçiliyinin keyfiyyətidir. Məsələn, Finlandiya, Sinqapur, Cənubi Koreya, Malayziya kimi ölkələr təhsili milli inkişaf strategiyasının mərkəzinə çevirmişdir. Bu ölkələr təhsili xərclər kimi yox, strateji investisiya kimi görmüşdür. Nəticədə yüksək texnologiya, güclü iqtisadiyyat, innovativ insan kapitalı formalaşdırmışlar.
Milli inkişafın açarı peşəkar təhsil idarəçiliyidir
Əgər ölkə rəqabətqabiliyyətli, innovativ, texnoloji, güclü iqtisadiyyata malik dövlət olmaq istəyirsə, təhsili təsadüfi adamlara deyil, peşəkarlara həvalə etməlidir. Çünki, təhsil gələcəyin iqtisadiyyatını hazırlayır, universitetlər gələcəyin insan kapitalını formalaşdırır, müəllimlər gələcəyin düşüncə sistemini yaradır, təhsil menecerləri isə bütün bu sistemi istiqamətləndirir. Bu səbəbdən təhsil idarəçiliyi peşəkarlaşdırılmalı, təhsil menecerlərinin seçimi elmi meyarlarla aparılmalı, strateji düşüncə əsas kriteriyaya çevrilməlidir.
Deməli müasir dünyada dövlətlərin taleyi məktəbdə, universitetdə, müəllim otağında, təhsil menecerinin qərarlarında formalaşır. Təhsil sadəcə bilik ötürən sistem deyil — gələcəyin taleyini müəyyən edən strateji gücdür. Bu səbəbdən təhsil silahdır. Lakin bu silahın kimlərin əlində olması, hansı məqsədlə istifadə edilməsi ölkənin gələcəyini müəyyən edir. Əgər təhsil peşəkarların, strateji düşünən insanların, milli maraqları anlayan idarəçilərin
əlindədirsə, o zaman güclü dövlət, güclü iqtisadiyyat, güclü insan kapitalı yaranır. Əks halda zəif təhsil, zəif insan kapitalı, texnoloji gerilik, intellektual asılılıq qaçılmaz olur. Məhz buna görə XXI əsrdə ən strateji vəzifələrdən biri təhsili peşəkarlara etibar etməkdir.
Dosent İlham Əhmədov
Tribuna.az









