Son illərdə ali təhsil sisitemində keçirilən forumlar, konfranslar və “beynəlxalqlaşma” mövzulu tədbirlər kəmiyyətcə xeyli artıb. Beynəlxalq, ölkədaxili, regional v.s. səviyyədə keçirilən offlayn və onlayn formatlı tədbirlər, konfranslar, forumlar haqda məlumatlar KİV-lərdə geniş təbliğ edilir.
Son aylar belə tədbirlər daha da intensivləşib. Mövzular cəlbedicidir: təhsilin rəqəmsallaşması, süni intellaktin tətbiqi, təhsilin transformasiyası, insan kapitalının inkişafı, innovativ inkişaf, əcnəbi tələbələrin cəlbi, qlobal reytinqlər, akkreditasiya, mobilik v. s. Bəs bu tədbirlər real sistem dəyişikliyi yaradırmı, yoxsa sadəcə “iş görüntüsü” yaradır?
Forumlar çox, fəallıq yüksək, nəticə yox. Forumlar, konfranslar özlüyündə müsbət haldır, əgər bunu inkişafa real təsiri varsa. Problem forumların funksiyasındadır. Müasir idarəetmədə belə tədbirlər, qərarların müzakirəsi üçün platforma, maraqlı tərəflərin koordinasiya mexanizmi, siyasət planlamasının müzakirəsi və başlanğıc nöqtəsi olmalıdır.
Azərbaycanda isə çox vaxt bu tədbirlər nəticəsiz müzakirələr, təkrar olunan tezislər, konkret icra planı olmayan çıxışlar ilə məhdudlaşır. Bu isə forumları, konfransları strategiya alətindən PR alətinə çevirir.
Ali təhsildə qlobal rəqabət kəskinləşir. Bu gün ali təhsil reallığı əvvəlkindən daha sərtdir. Universitetlər artıq təkcə ölkə daxilində deyil, qlobal platformalarda rəqabət aparırlar. Times Higher Education və QS World University Rankings v.s. reytinqlər real təsir gücünə malikdir (əgər manipulyasıya yox, konkret fəaliyyət varsa). Bu gün onlayn təhsil və süni intellekt əsaslı öyrənmə modelləri artıq klassik universitetləri sıxışdırır.
20 il əvvəl Bill Qeytsin söylədiyi proqnoz, artıq reallıqdır. Universitetlər artıq İnternetlə rəqabət apara bilmirlər. Belə şəraitdə sadəcə forumlr keçirməklə rəqabət qabiliyyəti formalaşdırmaq mümkün deyil.
Əcnəbi tələbə cəlbində kəmiyyət yox, sistem önəmlidir. Türkiyədə bu gün 300000 + əcnəbi tələbə, Azerbaycanda isə 10.000–dən də az əcnəbi tələbə təhsil alır. Bu fərqin səbəbi marketinq deyil. Səbəb təhsil keyfiyyəti, akademik mühit, tədqiqat infrastrukturu, universssitetlərin imici, beynəlxalq tanınmadır. Əcnəbi tələbə reklama yox, dəyərə gəlir.
Bizim universitetlərin diplomları isə heç qardaş Türkiyədə belə tanınmır, bu halda bizə əcnəbi tələbələr heç gələrmi?
Əsas problem sistem deyil, imitasiya aludəçiliyidir. Tədbirlər çoxdur, amma sistemli islahat hələ də yoxdur. Bunun səbəbləri nədir?
1. Elm əsaslı təhsil siyasəti yoxdur. Qərarlar data əsaslı deyil, pilot mərhələdən keçmir, təsir analizi aparılmır.
2. İnstitusional zəiflik davam edir. Universitetlər real muxtariyyətə malik deyil, qərarlar mərkəzləşdirilmişdir, innovasiya təşəbbüsləri boğulur, universitetlərdə ciddi maliyyə sıxıntıları var.
3. Alternativ fikirlərin kənarda qalır. Sistem daxilində tənqid qəbul edilmir, ekspert potensialı istifadə olunmur. Bunlar isə inkişafı ləngidir, onu idarə olunan prosesdən spontan bir prosesə çevirir.
Yeni texnoloji dövr universitetlərin transformasiyasını tələb edir. Bu gün ali təhsil artıq əvvəlki kimi deyil. “Coursera” və EdX kimi platformalar universitetlərlə rəqabət aparır, süni intellekt bilik əldə etmə modelini dəyişdirir, tələbə artıq “diplom” yox, bacarıq və nəticə istəyir. Bu şəraitdə zəif universitetlər bazardan çıxır, güclü universitetlər isə qlobal brendə çevrilir.
Nəyi dəyişməliyik? Yeni yanaşma tələb edilir.
Məsələ forum keçirmək deyil, əsas məsələ forumun nəticə verməsidir.
Dosent İlham Əhmədov









