Bakıda çiyələk yedikdən sonra vəziyyəti ağırlaşan qadının son durumu açıqlanıb.
Tribuna.az xəbər verir ki, bu barədə oxu.az-a açıqlamasında həkim-efferentoloq Ağa İsmayılov məlumat verib.
O bildirib ki, pasiyentin vəziyyəti hazırda qənaətbəxşdir və müalicəsi ev şəraitində davam etdirilir:
“Pasiyentin vəziyyəti ilə maraqlandım. Yaxınları ilə əlaqə saxladım. Bildirildi ki, vəziyyəti yaxşıdır. Ev şəraitində müalicə alır”.
Həkim qeyd edib ki, bu cür hallarda problem birbaşa meyvənin özündən deyil, onun yetişdirilməsi zamanı istifadə olunan bəzi kimyəvi maddələrdən qaynaqlana bilər:
“Burada məsələ məhz çiyələyin özündə deyil. Meyvələrin yetişdirilməsi zamanı aqrokimyəvi qulluq prosesində müxtəlif kimyəvi maddələrdən istifadə olunur. Bəzi insanların həmin maddələrə qarşı xüsusi həssaslığı olur. Bu maddələr orqanizmə daxil olduqda allergik reaksiya yarana bilər. Bu, orqanizmin xaricdən daxil olan maddəyə qarşı verdiyi cavab reaksiyasıdır”.
A.İsmayılovun sözlərinə görə, hər bir insan eyni məhsula eyni reaksiyanı vermir:
“Bütün insanlar meyvə yeyəndə eyni reaksiya ilə qarşılaşmırlar. Yaxşı olar ki, meyvələr öz mövsümündə istehlak edilsin və istifadə edilməzdən əvvəl yaxşı yuyulsun”.
Həkim ağır allergik reaksiyalar zamanı tətbiq edilən müalicə üsulundan da danışıb:
“Belə xəstələrdə plazmaferez proseduru həyata keçirilir. Bu, qandan toksik maddələrin ayrılması prosesidir. Toksinli plazma qandan uzaqlaşdırılır və xəstənin sağalmasına ciddi dəstək verir. Bəzən həmin maddələr böyrəklər vasitəsilə tam xaric oluna bilmir, qaraciyərə əlavə yük yaradır. Plazmaferez proseduru bu zaman orqanizmin təmizlənməsinə kömək edir”.
Ağa İsmayılov dərinin soyulmasının isə xəstəliyin ağır mərhələsinə işarə etdiyini vurğulayıb:
“Dərinin soyulması artıq ağırlaşmış allergiyanın göstəricisidir. Bu, Stivens-Conson və ya Layell sindromu ilə əlaqəli ola bilər. Dərinin soyulması epidermal nekroliz prosesidir və ikincili infeksiyanın qoşulmasına səbəb ola bilər”.









