Paşinyanın açıqlamaları artıq bizim üçün heç bir əhəmiyyət daşımır. Müharibə bitdiyi gündən bəri sülh müqaviləsinin imzalanması ilə bağlı dəfələrlə bir-birinə zidd bəyanatlar verən baş nazir sadəcə vəziyyətə oynamağa çalışır.
Bu sözləri Tribuna.az-a açıqlamasında politoloq Züriyə Qarayeva Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləsinin imzalanmasında qərarlıyam fikirlərinə münasibət bildirərkən deyib.
Z.Qarayevanın sözlərinə görə, İrəvan administrasiyası anlayır ki, artıq hazırki durum onların əleyhinə işləyir:
“Moskva Bakı ilə maraqlarını uzlaşdırır, İrəvan əleyhinə bəyanatlar səsləndirir. Hətta onu xəritədən silməklə bağlı təhdidlər dilə gətirir. Aİ isə monitorinq missiyası bölgədə yerləşdirilsə də, proseslərə ciddi təsir imkanına malik deyil. O baxımdan Ermənistanın ölkəmizin diktə etdiyi şərtlərdən yayınmağa heç bir yolu qalmayıb.
Bir müddət öncə Blinkenin moderatorluğu ilə keçirilən görüşdə də Paşinyan bu barədə pozitiv açıqlamalar vermişdi. Ardınca şərti sərhəddə təxribatlar baş verdi. O baxımdan biz Paşinyanın açıqlamalarına deyil, yerdəki vəziyyətə baxmalıyıq. Laçın yolunda nəzarət postu quraşdırılıbmı? Mədənlərə çıxış təmin edilibmi? Separatçılar bölgədən təmizlənibmi? Laçın yolundan diversiya məqsədli istifadə olunduğu müddətcə heç bir sülh müqaviləsindən söhbət gedə bilməz”.









