Taylandda ənənəvi Songkran festivalı – “dünyanın ən böyük su döyüşü” kimi tanınan bayram zamanı çoxsaylı insan itkisi qeydə alınıb.
Tribuna.az New York Post-a istinadən xəbər verir ki,, bayramın ilk üç günü ərzində 951 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 191 nəfər həyatını itirib, 911 nəfər isə xəsarət alıb.
Qəzaların əsas səbəbləri sürət həddinin aşılması və sərxoş vəziyyətdə avtomobil idarə olunması olub.
Hökumət tərəfindən yol hərəkəti təhlükəsizliyinin artırılması, sərxoş sürücülərə nəzarətin gücləndirilməsi və polis postlarının sayının artırılmasına baxmayaraq, festival dövründə qurbanların sayı hələ də çox yüksək olaraq qalır.
Yalnız bayramın ilk günündə 51 nəfər yol qəzasında ölüb. Ölüm hallarının 42%-dən çoxu sürət həddinin aşılması, 27,4%-i isə sərxoş halda nəqliyyat vasitəsini idarə etmə ilə bağlıdır.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Tayland yol-nəqliyyat hadisələrində ölüm səviyyəsinin ən yüksək olduğu ölkələr sırasındadır.
Ənənəvi olaraq yenilənmə və yeni başlanğıclar bayramı sayılan Songkran küçələrdə keçirilən zərərsiz su oyunları ilə məşhurdur. Lakin bu il bayram günləri faciəvi hadisələrlə yadda qalıb.
İmran Kərimli









