Nəriman Nərimanovun Naxçıvan şəhərindəki büstünün götürülməsi müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçiləri, tanınmışlar, yazıçı və jurnalistlər arasında isə bu məsələ birmənalı qarşılanmayıb. Büstün götürülməsini doğru hesab edənlər də var, buna qarşı çıxanlar da. Həmçinin büstün götürülməsi Nərimanovun Bakının mərkəzi yerlərindən birində yerləşən əzəmətli heykəlinin taleyini də şübhə altına qoyub. Bir çoxları zamanla Bakıdakı heykəlin də götürülmə ehtimalının yarandığını bildirib.
Tribuna.az sosial şəbəkələrdə büst ətrafında yaranmış müzakirələrlə bağlı yazılanları təqdim edir:
Millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı:
“Nərimanovun Naxçıvandakı heykəlini sökdürənlər sabah da Bakıdakı heykəlinin sökülməsi məsələsini qaldıracaqlar. Nərimanov mürəkkəb tarixi şəraitdə, erməni-rus bolşeviklərinin əhatəsində Azərbaycanın mövqeyini kifayət qədər əzmkarlıqla qoruyub. Sovet dövründə kommunistlər uzun müddət onun adına yasaq qoydular. Heydər Əliyev vaxtında Bakıda Nərimanovun heykəli qoyulanda ermənilər Moskvaya yazırdılar kki, Azərbaycanda Nərimanovşina dövrü başlanıb. İndi Nərimanova qarşı çıxanların o kommunistlərdən və ermənilərdən nə fərqləri var?”.
Jurnalist Elşad Paşasoy:
“Nəriman Nərimanov tariximizin böyük bir parçasıdır. Dövlət xadimidir, yazıçıdır, həkimdir…
Nərimanov təkcə “Qardaş qardaşa borc verməz”-deyib də, qardaş Türkiyəyə yolladığı yardıma görə nümunəvi şəxsiyyətdir.
Nərimanov Zəngəzurun itirilməsinin qarşısını ala bilməsə də, Qarabağa uzanan dilləri kəsə bildi…Leninlə münasibətləri hesabına…
Nərimanov Moskvada zəhərlənib, qətlə yetirilib! Təkcə bu fakta görə onun abidəsinə toxunmaq olmaz!!!”.
“Bayraq onun, himn onun, dövlətin rəsmi adı onun, di gəl, paytaxtda nəinki heykəli, üzünə salavat çəkməyə düz-əməlli büstü də yoxdur.
Əvəzində 1920-ci il dekabrın 1-də təntənəli bir mərasimdə: “Bu gündən etibarən Zəngəzur və Naxçıvan sovet Ermənistanının bir parçasıdır. Dağlıq Qarabağ ermənilərinə öz müqəddəratlarını özləri təyin etmək haqqı verilmişdir. Azərbaycanın nefti və qazı iki ölkənin ortaq malıdır” deyən adamın paytaxtın ən uca yerində dinozavr boyda heykəli qoyulub.
Söhbət kiminsə haqqını danmaqdan gedirsə kimdi ən çox haqqı danılan?
Nərimanova bu sözləri bağışlamışıqsa, onda niyə Əkrəm Əylisliyə toy tuturduq?”.
Jurnalist Aygün Muradxanlı:
“Düz bir həftə qabaq Nərimanovun heykəli tərəfdə taksi gözləyirdim. Hava dumanlıydı. Baxdım ki, duman heykəli bürüyür. Ürəyimdə dedim, elə itəsən, bir də gözümüz səni görməyə. Naxçıvandakı heykəli sökülüb. “Sağ əli” Bakıdakı bütün bolşevik heykəllərinin, küçə adlarının, barelyeflərinin başına. 31 mart soyqırımını gözü ilə görəndən sonra Şaumyana müavin olmağı qəbul edən bu şəxsiyyətsizi kim müdafiə etsə, atacam bloka”.
Ləman Ələşrəfqızı:
“Bakının ən möhtəşəm abidələrindən biri Nəriman Nərimanovun heykəlidir. Onu söksələr, təkbaşına aksiya edəcəm. Nərimanovun səhvləri olubsa, xidmətləri də olub. Hamını qaralaya-qaralaya gedirik, bir də baxacağıq tarix də əldən getdi”.
Xatırladaq ki, məlumata görə, Nəriman Nərimanovun Naxçıvan şəhərindəki büstü götürülüb. Naxçıvan Şəhər İcra Hakimiyyəti isə büstün götürülməsi ilə bağlı deyilənlərin həqiqəti əks etdirmədiyi bildirilib. İH-dən bildirilib ki, büstün yerləşdiyi bağda təmir-tikinti işləri aparıldığı üçün büst müvəqqəti olaraq götürülüb və işlər başa çatdıqdan sonra isə yenidən yerinə qoyulacaq.














