İstanbulun Sarıyer rayonunda 61 yaşlı tanınmış prodüser Erol Köse yaşadığı binanın 16-cı mərtəbəsindən düşərək həyatını itirib. Onun bir müddətdir səhhətində problemlər olduğu və təxminən 3 aydır evdən çıxmadığı öyrənilib.
Tribuna.az xəbər verir ki, hadisə saat 15:00 radələrində Maslak Mahallesi ərazisində baş verib. Məlumata görə, 16 mərtəbəli binanın qarşısında bir nəfərin hərəkətsiz halda uzandığını görən şəxslər polis və təcili tibbi yardım əməkdaşlarına məlumat veriblər.
Hadisə yerinə gələn həkimlər həmin şəxsin öldüyünü müəyyən ediblər. Araşdırma zamanı ölən şəxsin prodüser Erol Köse olduğu təsdiqlənib.
Polis əməkdaşları hadisə yerində olan və Kösenin dostu olduğu bildirilən Mevlüt Y. ilə söhbət aparıb. O, ifadəsində Köse ilə birlikdə yaşadıqlarını, onun psixoloji problemləri və ürək xəstəliyi olduğunu bildirib.
3 aydır evdən çıxmırmış
Mevlüt Y. qeyd edib ki, hadisə baş verən zaman qısa müddətlik binanın foyesinə enib və Köse evdə tək qalıb. Geri qayıdanda isə dostunu binanın qarşısında yerdə görüb.
Ehtimal olunur ki, Köse binanın 16-cı mərtəbəsində yerləşən kirayə ofis kimi istifadə edilən hissədə olarkən yıxılıb.
Araşdırma başladılıb
Hadisə ilə bağlı İstanbul Respublika Baş Prokurorluğu tərəfindən araşdırma başlanılıb. Qurumdan bildirilib ki, prodüser Erol Köse-nin ölümü ilə bağlı istintaq tədbirləri aparılır və ekspertiza (otopsiya) nəticələrindən sonra ictimaiyyətə daha ətraflı məlumat veriləcək.
İmran Kərimli









