Ermənistanın sülh müqaviləsini imzalamağı gecikdirməsi həm xarici, həm də daxili səbəblərlə bağlıdır. Xarici səbəblər daha çox Ermənistana edilən təzyiqlərlə əlaqıdardır. Burada məsələ təkcə sülh müqaviləsini imzalamaq deyil. Sülh müqaviləsindən sonrakı dönəmdə regionda geosiyasi vəziyyətin dəyişməsi ehtimalıdır. Sülh müqaviləsi imzalanarsa, regionda geosiyasi vəziyyət kökündən dəyişəcək. Bu dəyişikliyin baş verməsini istəməyən, status-kvonu saxlamaq istəyən qüvvələr var.
Bu sözləri Tribuna.az-a siyasi şərhçi İlkin Həsənov bildirib. O qeyd edib ki, sülh müqavikəsinin imzalanmasını ləngidən əsas qüvvə Rusiyadır:
“Sülh müqaviləsini ləngidən digər qüvvə isə İrandır. Ermənistan sülhə gedən yolda bu iki ölkə ilə razılaşmalıdır.
Sülh müqaviləsinin gecikməsinə səbəb də Ermənistanın bu iki qüvvə ilə hələlik razılaşa bilməməsidir.
Bundan öncə də deyildiyi kimi, ortada iki variant var: Qərbin variantı və Moskvanın variantı. Moskva variantı bizə sərf etmir və biz özümüz də bu versiyanı qəbul etmirik. Qarabağın statusunun saxlanılması, qeyri-müəyyən vaxta qədər uzadılması məsələsi bizə sərf etmir.
Ermənistan tərəfi Brussel variantı ilə razıdır. Ancaq burada da Moskva bu varianta mane olur, imkan vermir. Məhz bu səbəblər sülh müqaviləsini ləngidir, prosesi gecikdirir”.
İ.Həsənov qeyd edib ki, Paşinyan indiki məqamda müqavilə imzalaya bilməz. Bu müqavilə Paşinyan tərəfindən dərhal imzalansa, sabah ona qarşı Moskvanın, İranın təşkilatçılığı ilə kəskin addımlar atılacaq:
“Paşinyan bu müqaviləni imzalamaq üçün hakimiyyətdən zəmanət istəyir. O zəmanəti kim verəcək ona? Ona kim zəmanət versə ki, müqaviləni imzala, səni hakimiyyətdə saxlayacağıq, Paşinyan həmin gün müqaviləni imzalayar.
İndiki proseslər müqavilənin imzalanmasına doğru getdiyini göstərir. Hazırda Paşinyan sülhə mane olacaq daxili səbəbləri aradan qaldırmağa çalışır. Bu səbəbdən hakimiyyəti sərtləşdirir, avtoritar idarəetmə sisteminə keçid prosesini başladıb, heç kəs əfv edilmir, qarşı çıxanlar ən sərt formada cəzalandırılır. Bütün bunlar məqsədyönlü şəkildə edilir. Laçın yolundan istifadə məsələsinə diqqət yetirsəniz görərsiz ki, sırf bu məsələ üzərində Ermənistan hakimiyyəti manipulyasiya edir. Bu da proseslərin ikinci mərhələyə daxil olduğunu göstərir”.










