Amerikalı milyarder İlon Maskın rəhbərlik etdiyi SpaceX şirkəti süni intellekt texnologiyalarının inkişafı üçün ABŞ-da nəhəng superkompüter kompleksi yaratmağı planlaşdırır. Arizona ştatının Koçiz dairəsində inşa edilməsi nəzərdə tutulan layihənin elektrik enerjisinə tələbatı tam gücü ilə işlədiyi zaman 6 giqavata çata bilər.
Tribuna.az xəbər verir ki, bu barədə beynəlxalq mətbuatda yayılan məlumatlarda bildirilir.
Layihə təxminən 747 akr ərazini əhatə edəcək və doqquz hesablama binasından ibarət olacaq. Kompleksin dörd mərhələdə tikilməsi, hər mərhələdə təxminən 1,5 giqavatlıq hesablama gücünün yaradılması nəzərdə tutulur.
Məlumatlara görə, layihənin həyata keçirilməsi üçün elektrik şəbəkəsinin genişləndirilməsinə təxminən 3,6 milyard dollar ayrılması planlaşdırılır. Şirkət həmçinin su sərfiyyatını azaltmaq məqsədilə quru soyutma sistemindən istifadə etməyi və sənaye məqsədilə yeni yeraltı su quyuları qazmamağı nəzərdə tutur.
Kompleksin tikintisi təxminən 5 500 müvəqqəti iş yerinin, fəaliyyətə başladıqdan sonra isə 1 000 daimi iş yerinin yaradılmasına imkan verə bilər. Tikintiyə 2027-ci ilin martında başlanması ehtimal olunur. Bununla belə, layihənin həyata keçirilməsi üçün yerli hakimiyyət orqanlarının müvafiq icazəsi tələb olunur. İcazə ilə bağlı ictimai dinləmənin dekabrın 9-da keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, SpaceX Texas ştatında da başqa bir superkompüter mərkəzi yaratmağı planlaşdırır. Reuters-in məlumatına görə, şirkət Arizona və Texasdakı iki layihəyə ümumilikdə 74 milyard dollardan çox sərmayə yatırmağı nəzərdə tutur. Arizona layihəsinin dəyəri təxminən 50 milyard, Texasdakı layihənin isə 24 milyard dollar qiymətləndirilir.
Beləliklə, SpaceX kosmik texnologiyalar və peyk rabitəsi ilə yanaşı, süni intellekt və yüksək hesablama infrastrukturu sahəsində də mövqelərini genişləndirməyə çalışır.
İmran Kərimli









