ABŞ, Meksika, Kosta-Rika və Yamayka 2031-ci ildə qadınlar arasında futbol üzrə dünya çempionatını birgə keçirmək üçün namizədliyini irəli sürüb. FIFA dörd ölkənin birgə təklifini qiymətləndirərək ona 5 mümkün baldan 4,4 bal verib.
Tribuna.az xəbər verir ki, FIFA-nın noyabrın 11-də açıqladığı qiymətləndirmə hesabatına əsasən, dörd ölkənin birgə namizədliyi turnirin təşkili üçün minimum tələblərə cavab verir. Təklif noyabrın 23-də keçiriləcək FIFA-nın növbədənkənar konqresində səsverməyə çıxarılacaq.
Namizəd ölkələr dünya çempionatı üçün 20 şəhərdə yerləşən 20 stadion təklif edib. Layihə turnirin qadın futbolu tarixində ən böyük yarışa çevrilməsini hədəfləyir.
2031-ci il mundialında ilk dəfə 48 milli komandanın iştirakı nəzərdə tutulur. Komandalar dörd qrupdan deyil, 12 qrupda mübarizə aparacaq, pley-off mərhələsi isə 1/16 finaldan başlayacaq.
Bu, ABŞ üçün qadınlar arasında dünya çempionatına üçüncü ev sahibliyi imkanıdır. Meksika, Kosta-Rika və Yamayka isə ilk dəfə böyüklər arasında qadınlar üzrə dünya çempionatının oyunlarını qəbul edə bilər.
Qeyd edək ki, 2031-ci il turnirinə ev sahibliyi ilə bağlı başqa namizədlik təqdim edilməyib. FIFA-nın yekun qərarı noyabrın 23-də veriləcək.
İmran Kərimli









