İran ABŞ-la nüvə razılaşmasına hazır olduğunu bəyan edib

İran ABŞ-la nüvə razılaşmasına hazır olduğunu bəyan edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran ABŞ-la razılaşma əldə etməyin mümkün olduğunu bəyan edib. Bununla belə, Tehran Vaşinqtonun əvvəlki razılaşmalara əməl etməsini və qarşı tərəfin etimadı sarsıdan addımlardan çəkinməsini tələb edir.

Tribuna.az xəbər verir ki, bu barədə İran parlamentinin sədri və ölkənin ABŞ-la danışıqlar üzrə nümayəndə heyətinin rəhbəri Məhəmməd Bağır Qalibaf “Əl-Cəzirə” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, İran ABŞ-a öz tələblərini əks etdirən aydın və ətraflı cavab təqdim edib. Lakin Vaşinqton hələlik Tehrana rəsmi və konkret cavab verməyib.

Qalibaf bildirib ki, razılaşmanın əldə olunmasına əsas maneələrdən biri ABŞ-a qarşı etimadsızlıq və Vaşinqtonun irəli sürdüyü həddindən artıq tələblərdir.

İran tərəfi danışıqların bərpası və Hörmüz boğazının açılması üçün yeddi şərt irəli sürüb. Bu tələblər arasında ABŞ-ın dəniz blokadasının aradan qaldırılması, sanksiyaların ləğvi, dondurulmuş İran aktivlərinin azad edilməsi və neft ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılması yer alır.

Qalibaf vurğulayıb ki, Tehran müharibə vəziyyətinin davam etməsini istəmir və ABŞ İranın şərtlərini qəbul edərsə, sülhə üstünlük verəcək. Bununla yanaşı, o, ölkəsinin mümkün hərbi qarşıdurmaya da hazır olduğunu bildirib.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı və regional təhlükəsizlik məsələləri üzrə fikir ayrılıqları davam edir. Tərəflər arasında vasitəçilik səylərinə baxmayaraq, danışıqların gələcəyi hələlik Vaşinqtonun cavabından və irəli sürülən şərtlərlə bağlı mövqeyindən asılıdır.

İmran Kərimli