Sosial şəbəkələrdə ianə toplayanlarla bağlı XƏBƏRDARLIQ

Sosial şəbəkələrdə ianə toplayanlarla bağlı XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağır xəstəlikdən əziyyət çəkən şəxslər üçün ianə kampaniyalarına demək olar ki, hər gün rast gəlinir. Bir çox hallarda vətəndaşlar qısa müddətdə böyük məbləğlər toplayaraq insanların müalicəsinə dəstək olur. Lakin bəzi kampaniyalarla bağlı saxtakarlıq iddiaları, köhnə görüntülərin yenidən paylaşılması və toplanan vəsaitin taleyi barədə suallar da gündəmə gəlir.

Bəs sosial şəbəkələr üzərindən fərdi qaydada ianə toplamağın hüquqi statusu nədir? Bu ianələrin reallığına necə inanaq? Vətəndaşlar yardım etməzdən əvvəl hansı məqamlara diqqət etməlidir?

Tribuna.az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan hüquqşünas Elnur Məmmədovun sözlərinə görə, bu kampaniyaların bir hissəsi həqiqi ehtiyacdan qaynaqlansa da, saxta ianə toplama halları da mövcuddur:

“Vətəndaşlar belə müraciətlərə hüquqi və faktiki baxımdan ehtiyatla yanaşmalıdırlar. İlk növbədə fiziki şəxsin digər fiziki şəxsə könüllü şəkildə pul köçürməsi, qanunvericiliyin tələblərini pozmursa və cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması və ya digər qanunsuz məqsədlərlə əlaqəli deyilsə, hüquqi baxımdan qadağan olunmuş əməl hesab edilmir. Belə köçürmələr mahiyyət etibarilə könüllü maddi yardım və ya bağışlama xarakteri daşıyır.

Lakin hüquqi cəhətdən vətəndaşın pul köçürməsi həmin kampaniyanın həqiqiliyinə dövlət təminatı vermir. Sosial şəbəkədə yayılan foto, video və tibbi sənədlərin həqiqiliyi əvvəlcədən yoxlanılmadığı üçün yalnız emosional çağırışlara əsaslanaraq qərar vermək risklidir.

İnsanlar yardım etməzdən əvvəl mümkün qədər lazımlı məqamları yoxlamalıdırlar:

– xəstəliyi təsdiq edən tibbi sənədlərin mövcudluğu və aktuallığı;

– müalicənin aparıldığı tibb müəssisəsi barədə məlumat;

– ianənin hansı məqsəd üçün toplandığının aydın göstərilməsi;

– vəsaitin hara köçürüldüyü və hesabatlılığın təmin olunması;

– kampaniyanın etibarlı ictimai birlik, xeyriyyə təşkilatı və ya fond vasitəsilə aparılıb-aparılmaması”.

Hüquqşünas bildirir ki, Azərbaycanda bu sahədə sosial və humanitar yardım göstərən müxtəlif fondlar, ictimai birliklər və xeyriyyə təşkilatları fəaliyyət göstərir:

“Belə təşkilatlar adətən müraciət edən şəxsin sənədlərini yoxlayır, ehtiyacın real olub-olmadığını araşdırır və yardım prosesinə müəyyən nəzarət mexanizmləri tətbiq edirlər. Buna baxmayaraq, bütün ehtiyac sahibləri müxtəlif səbəblərdən həmin qurumlara müraciət etmir. Bəzən yardımın təcili olması, fondların imkanlarının məhdudluğu, müraciət prosedurlarının vaxt aparması və ya insanların qısa zamanda daha geniş auditoriyaya çatmaq istəyi sosial şəbəkələrə üz tutulmasına səbəb olur.

Şəxs bilərəkdən yalan məlumat yaymaqla, saxta tibbi sənədlər təqdim etməklə və ya aldatma yolu ilə insanlardan pul toplayırsa, bu artıq hüquqi məsuliyyət yarada bilər. Belə hallarda əməlindən və nəticəsindən asılı olaraq həmin şəxs Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq mülki-hüquqi məsuliyyət daşıya, habelə dələduzluq və ya digər hüquq pozuntularına görə inzibati və ya cinayət məsuliyyətinə cəlb oluna bilər. Bundan əlavə, zərərçəkmiş şəxslər vurulmuş maddi ziyanın ödənilməsini də məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər”.

Elnur Məmmədov vətəndaşlara tövsiyə edib ki, humanist yanaşmanı qorumaqla yanaşı, hüquqi ehtiyatlılığı da əldən verməsinlər.

“Yardım etmək nəcib addımdır, lakin ianə qərarı mümkün qədər yoxlanılmış məlumatlara əsaslanmalıdır. Xüsusilə böyük məbləğlər köçürülərkən kampaniyanın etibarlılığı araşdırılmalı, imkan daxilində tanınmış və şəffaf fəaliyyət göstərən xeyriyyə təşkilatları və ya fondlar vasitəsilə yardım göstərilməsinə üstünlük verilməlidir. Sosial şəbəkələrdə yayılan bütün yardım kampaniyalarını saxta hesab etmək doğru olmadığı kimi, onların hamısını qeyd-şərtsiz etibarlı qəbul etmək də düzgün yanaşma deyil” – o, qeyd edib.