Neft gəlirləri vasitədir, hədəf dayanıqlı iqtisadiyyatdır

Neft gəlirləri vasitədir, hədəf dayanıqlı iqtisadiyyatdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur Məmmədov,

Milli Məclisin deputatı

Son illərdə qlobal iqtisadiyyatda baş verən dəyişikliklər enerji resurslarından asılı olan ölkələr qarşısında yeni çağırışlar formalaşdırır. Enerji bazarlarındakı dəyişkənlik, yaşıl keçid prosesləri və beynəlxalq ticarətdə yeni tendensiyalar iqtisadiyyatların dayanıqlılığını artırmağı, şaxələndirməni sürətləndirməyi zəruri edir. Azərbaycan da bu istiqamətdə ardıcıl siyasət həyata keçirərək neft gəlirlərinin iqtisadiyyatın digər sahələrinin inkişafına yönəldilməsi strategiyasını uğurla davam etdirir.

2026-cı ilin ilk aylarının statistik göstəriciləri göstərir ki, ölkə iqtisadiyyatı yeni inkişaf mərhələsinə qədəm qoyub. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2026-cı ilin yanvar-may aylarında Azərbaycanda 51,8 milyard manat həcmində ÜDM istehsal olunub. Bu dövrdə neft-qaz sektorunda əlavə dəyər 1 faiz azaldığı halda, qeyri-neft-qaz sektorunda artım qeydə alınıb. Xüsusilə informasiya və rabitə sahəsində 10,1 faiz, nəqliyyat və anbar təsərrüfatında 6,8 faiz, ticarətdə 3,8 faiz, kənd təsərrüfatında isə 2,3 faiz artım müşahidə edilib.

Bu rəqəmlər təsdiq edir ki, iqtisadiyyatın əsas inkişaf mənbələri tədricən yeni istiqamətlərə yönəlir. Artıq söhbət yalnız iqtisadi artımın tempindən deyil, iqtisadiyyatın keyfiyyətcə yenilənməsindən gedir.

Bu gün Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri qeyri-neft sektorunda yüksək əlavə dəyər yaradan sahələrin inkişafını sürətləndirməkdir. Emal sənayesi, logistika, rəqəmsal texnologiyalar, kənd təsərrüfatının müasir formaları, turizm və xidmət sektoru gələcək inkişafın əsas dayaqları kimi çıxış edir.

Xüsusilə Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi ölkəmiz üçün yeni imkanlar yaradır. Orta Dəhlizin inkişafı, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının genişləndirilməsi, dəmir yolu və logistika infrastrukturuna yatırılan investisiyalar Azərbaycanı regionun mühüm tranzit və logistika mərkəzinə çevirir. Nəqliyyat və anbar təsərrüfatında qeydə alınan artım da bu potensialın real iqtisadi nəticələr verməyə başladığını göstərir.

Rəqəmsal iqtisadiyyat da yeni artım mənbələrindən biridir. Dövlət xidmətlərinin elektronlaşdırılması, “mygov” platformasının inkişafı, süni intellekt və innovasiya layihələrinin tətbiqi iqtisadi səmərəliliyin yüksəlməsinə xidmət edir. İnformasiya və rabitə sektorunda ikirəqəmli artım tempi gələcəkdə bu sahənin ÜDM-də payının daha da artacağını göstərir.

Eyni zamanda, regionların inkişafı və sahibkarlığın genişlənməsi iqtisadi siyasətin əsas istiqamətlərindən biri olaraq qalır. Sənaye parkları, aqroparklar, biznesə dövlət dəstəyi mexanizmləri və investisiya təşviqi proqramları yeni iş yerlərinin yaradılmasına, yerli istehsalın və ixrac imkanlarının genişlənməsinə şərait yaradır.

2026-cı il dövlət büdcəsində də bu yanaşma öz əksini tapıb. Dövlət büdcəsinin gəlirləri 38,6 milyard manat, xərcləri isə 41,7 milyard manat təşkil edir. Büdcə kəsiri (defisit) isə 3 milyard 94,6 milyon manat səviyyəsində proqnozlaşdırılıb.

2026-cı ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39 milyard 365 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdiq olunmuş proqnozla müqayisədə 756 milyon manat və ya 2 faiz çoxdur.

Maliyyə Nazirliyinin açıqladığı “2026-cı ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər” sənədində qeyd olunur ki, dövlət büdcəsinin gəlirlərinin 43,4 faizi və ya 17 milyard 85 milyon manatı neft-qaz sektorunun, 56,6 faizi və ya 22 milyard 280 milyon manatı isə qeyri-neft-qaz sektorunun payına düşəcək. Təsdiq olunmuş göstəricilərlə müqayisədə neft-qaz sektoru üzrə gəlirlərdə 650 milyon manat və ya 4 faiz, qeyri-neft-qaz sektoru üzrə gəlirlərdə isə 106 milyon manat və ya 0,5 faiz artıq icra gözlənilir.

Dövlət büdcəsinin gözlənilən gəlirlərinin 17 milyard 760 milyon manatı və ya 45,1 faizi vergilər və rüsumlar üzrə daxilolmaların, 6 milyard 762 milyon manatı və ya 17,2 faizi gömrük rüsumları və idxala görə vergi daxilolmalarının, 12 milyard 835 milyon manatı və ya 32,6 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfertin, 1 milyard 21 milyon manatı və ya 2,6 faizi büdcə təşkilatlarının büdcədənkənar gəlirlərinin, 987 milyon manatı və ya 2,5 faizi sair gəlirlərin payına düşür.

Vergi və rüsumlar üzrə daxilolmaların məbləği 17 milyard 760 milyon manat gözlənilir ki, bu da cari ilin təsdiq olunmuş göstəricisinə nisbətən 850 milyon manat və ya 5 faiz çoxdur. Qeyd olunan vəsaitin 4 milyard 250 milyon manatı və ya 23,9 faizi neft-qaz sektorunun, 13 milyard 510 milyon manatı və ya 76,1 faizi isə qeyri-neft-qaz sektorunun payına düşəcək.

Neft-qaz sektoru üzrə gözlənilən vergi daxilolmalarının 41,2 faizini və ya 1 milyard 750 milyon manatını Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən ödənilən vergilər, 11,8 faizini və ya 500 milyon manatını “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən podratçı təşkilatların mənfəət vergisi, 47,1 faizini və ya 2 milyard manatını isə “Şahdəniz” layihəsi üzrə hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən podratçı təşkilatların mənfəət vergisi təşkil edir.

2026-cı il dövlət büdcəsinin gözlənilən daxilolmalarının hesablanması zamanı Azərbaycan qazının bütün istiqamətlər üzrə 1000 kubmetrinin orta satış qiyməti 35 dollar artırılaraq 296 dollar müəyyən edilib. Qiymət artımı ilə əlaqədar “Şahdəniz” layihəsi üzrə hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən podratçı təşkilatların mənfəət vergisi daxilolmalarının 400 milyon manat və ya 25 faiz artacağı gözlənilir.

Cari ilin dövlət büdcəsində vergi orqanlarının xətti ilə qeyri-neft-qaz sektoru üzrə daxilolmalar 13 milyard 510 milyon gözlənilir ki, bu da cari il üçün təsdiq olunmuş göstəricisi ilə müqayisədə 200 milyon manat və ya 1,5 faiz çoxdur.

2026-cı ilin sonuna büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmaların 1 milyard 21 milyon manat olacağı gözlənilir ki, bu da təsdiq olunmuş göstərici ilə eynilik təşkil edəcək. Dövlət əmlakının, özəlləşdirilmiş dövlət müəssisə və obyektlərinin altındakı torpaq sahələrinin icarəyə verilməsindən daxilolmaların 46 milyon manat olacağı proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəricidən 6 milyon manat və ya 15 faiz çoxdur. Sair daxilolmaların isə 941 milyon manat səviyyəsində olacağı və təsdiq olunmuş göstərici ilə eynilik təşkil edəcəyi gözlənilir. Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfert (12 milyard 835 milyon manat) üzrə daxilolmaların təsdiq olunan proqnoz göstəricisi ilə eyni səviyyədə qalacağı nəzərdə tutulur.

İnfrastruktur, sosial layihələr, müdafiə qabiliyyəti və iqtisadi inkişaf proqramları üçün nəzərdə tutulan vəsaitlər ölkədə makroiqtisadi sabitliyin qorunmasına xidmət edir.

Azərbaycanın inkişaf modeli göstərir ki, neft gəlirləri məqsəd deyil, dayanıqlı iqtisadiyyat qurmaq üçün vasitədir. Qarşıdakı dövrdə əsas prioritet qeyri-neft sektorunun rəqabət qabiliyyətini artırmaq, innovasiyaları təşviq etmək, yüksək texnologiyalar və insan kapitalına əsaslanan iqtisadiyyat formalaşdırmaqdan ibarətdir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasət nəticəsində ölkəmiz neftdən sonrakı mərhələyə hazırlıqlı şəkildə daxil olur. Əsas məqsəd isə aydındır: güclü dövlət, dayanıqlı iqtisadiyyat və vətəndaşların rifahının davamlı yüksəldilməsi.