ABŞ və İran arasında gedən danışıqlar dayandırılıb.
Tribuna.az xəbər verir ki, rəsmi Tehran danışıqları bərpa etmək üçün Vaşinqtona iki həftə vaxt verib.
Həmin təklifə əsasən ABŞ sanksiyaları ləğv etməli və İrana neft satışına icazə verməlidir. ABŞ-dan gələn xəbər isə tam fərqlidir. Belə ki, ABŞ prezidenti Donald Trampın İranla danışıqları dayandırmağı əmr etdiyi qeyd edilir. Bildirilir ki, ardından da İrana qarşı sərt sanksiyalar hazırlayır. “ABŞ İrana qarşı “dərhal zərbə endirmək” yanaşmasından “ölkənin uzunmüddətli boğulmasına” keçib”.
Hadisələrin indiki inkişaf səviyyəsi belə deməyə əsas verir ki, hər iki tərəf növbəti, lakin əvvəlkindən daha ciddi müharibəyə hazırlaşır. İranın sürətlə silahlanması, ABŞ-ın silah anbarlarını doldurmaq üçün istehsalçı şirkətləri tələsdirməsi də bunu əyani göstərir.
Bəs, tərəflər növbəti dəfə nə zaman toqquşacaq? Bu sualın birmənalı cavabı yoxdur. Vəziyyət belədir ki, ABŞ Hörmüz boğazını ələ keçirməyi artıq özünün başlıca prioriteti elan edib. Paralel olaraq, noyabrda keçiriləcək Konqres seçkilərində də Trampın əlinin güclənməsi lazımdır. Ona görə də, müharibənin oktyabrdan tez başlayacağı proqnozlaşdırılmır.
Maraqlıdır ki, İsrail və Qərb mənbələri də müharibənin oktyabrdan sonraya təsadüf edəcəyini bildirirlər. Onlar bu dəfəki müharibənin daha dağıdıcı ola biləcəyini istisna etmirlər.
İndi suallardan biridir ki, ABŞ ənənəvi hücumlarla prosesə start verəcək, yoxsa, yeni yanaşma olacaq? Ekspertlər hesab edirlər ki, ABŞ indiyə qədərki müharibədə İrana qarşı istifadə etdiyi silahların bir həddə qədər işə yaradığını əyani görüb. Lakin bunun həlledici olmadığının da fərqindədir. Ona görə də, növbəti hücumda ABŞ yeni silahlardan istifadə edəcək. Məsələn, Vaşinqton son müharibədə İrana qarşı 80-90-cı illəri “Tomoqafk” raketlərindən istifadə etmişdi. Lakin bu dəfə 2000-ci illərin istehsalı olan və yenilənmiş silahdan yararlanacaq.
Eyni zamanda, bu dəfəki müharibədə ABŞ-ın digər raket və aviasiya vasitələrindən yararlanacğı da gözləniləndir. Həmin silahların konkret olaraq nələrdən ibarət olacağını isə yalnız döyüş meydanında müəyyənləşəcəyi dəqiqdir.
İranın bütün bunların fonunda durumu parlaq deyil. Söhbət hərbi gücdən getmir. Məsələ odur ki, İran hazırda daxildəki bir neçə mühüm problemlə “savaşır”. Birinci problem istiqsadi durumun həddindən artıq ağır olmasıdır. Yerli valyutanın devalivasiyası, infliyasiyanın artıq 3 rəqəmli olması, habelə sanksiyalar səbəbindən daxili təlabatın ödənilməsində problemlərin baş qaldırması elə hökumət tərəfindən də təsdiqlənir.
İdarəetmədə yaranamış narazılıq, SEPAH-la Pezeşkian hökuməti arasındakı etibarsızlıq da gələcək müharibədə təsiredici faktor ola bilər. XİN başçısı Abbas Əraqçıya, habelə spiker Məhəmmədbaqer Qalibafa olan sərt yanaşma da bunu təzahürlərindəndir.
Bundan başqa, daxildə əhalinin narazı kəsminin də səssiz qalmadığı diqqəti çəkir. İnsanları daha əvvəlki şərtlərlə yaşamaq istəməməsi, habelə rejimə olan münasibətdə daha çox müxalifətdə olmaları İran rəsmilərinin işini çətinləşdirir. Son yanvar hadisələri də göstərdi ki, rejimlə xalq arasında kəskin uçurum var. Bunun təkrarlana bilmə ehtimalını isə artıq rejim mənsubları da təsdiqləyirlər.
Beləliklə, İranı payızda çətin sınaq gözləyir. Tehranın hər tərəfdən olan hücuma dözə biləcəyi sual altındadır.
Fərda Uğur









