Hökumət büdcə xərclərini azaldır – Gələn ilə hazırlıq?

Hökumət büdcə xərclərini azaldır – Gələn ilə hazırlıq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Maliyyə Nazirliyi 2026-cı ilin ikinci yarısı üçün dövlət büdcəsinin icrası sahəsində gözləntilərini açıqlayıb. Sənəddən aydın olur ki, hökumət bu il üzrə büdcə gəlirlərinin tam təmin olunacağına əmindir. Lakin növbəti il üçün gözləntilər heç də nikbin deyil. Buna görə də hökumət cari ilin büdcəsindən mümkün qədər çox vəsaiti gələn il üçün saxlamaqda qərarlıdır.

Tribuna.az xəbər verir ki, Musavat.com-un məlumatına görə, açıqlanan sənəddən görünür ki, ABŞ-İran müharibəsinin qlobal enerji bazarlarında yaratdığı qiymət şərtləri Azərbaycan büdcəsinə neft-qaz sektorundan daxilolmalara xeyli təsir göstərir.

Belə ki, dövlət büdcəsinin təsdiqlənmiş layihəsində hüquqi şəxslərin mənfəət vergisi olaraq büdcəyə 6 milyard 580 milyon manatın daxil olacağı proqnozlaşdırılıb. Bunun 2 milyard 125 milyon manatının neft-qaz sektorundan daxil olacağı nəzərdə tutulurdu. Hesablama Palatasının büdcə layihəsinə rəyindən aydın olur ki, bu, 2025-ci illə müqayisədə 96 milyon manat və ya 4,3 faiz azdır. Neft-qaz sektoru üzrə proqnozun cari illə müqayisədə az nəzərdə tutulması mənfəət vergisinin SOCAR üzrə 46 milyon manat, Azəri-Çıraq-Günəşli layihəsi çərçivəsində 150 milyon manat azaldılması və Şahdəniz qaz-kondensat layihəsi üzrə 100,0 milyon manat artırılması ilə əlaqədardır. Azəri-Çıraq-Günəşli layihəsi çərçivəsində ötən illə müqayisədə neft hasilatının 3,9 milyon barel (gündəlik 10,7 min barel) azalması, eyni zamanda “Azərilayt” markalı xam neftin bir barelinin orta satış qiymətinin ötən ilkindən 5 ABŞ dolları az olmaqla 65,0 ABŞ dolları nəzərdə tutulması bu sektor üzrə proqnozlara təsir edən əsas faktorlar idi. Lakin ABŞ-İran münaqişəsinin başlanması dünya bazarında neft-qaz qiymətlərini kəskin artırdı və nəticədə birinci yarımildə bu mənbədən büdcəyə daxilolmalar proqnozdan kəskin fərqləndi.

b9IkQ0kYFaeAc3kUKhqn5zhxZcApKGfU5oJXUbIA_1200.jpg (141 KB)

Maliyyə Nazirliyinin açıqladığı hesabatdan aydın olur ki, birinci yarımildə dövlət büdcəsinə neft-qaz sektorundan 1 milyard 778,2 milyon manat vergi daxil olub. Bu vəsaitin 47,4 faizi və ya 843,5 milyon manatı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ödədiyi müvafiq vergilər, 41,1 faizi və ya 730,4 milyon manatı “Şahdəniz” yatağı üzrə mənfəət vergisi, 11,5 faizi və ya 204,3 milyon manatı ABƏŞ-in mənfəət vergisidir.

Ötən ilin eyni dövründəki daxilolmalarla müqayisə etdikdə aydın olur ki, əvvəla, ölkənin ən böyük gəlir mənbəyindən büdcəyə daxilolmalar kəskin azalıb. Belə ki, ötən ilin birinci yarısında neft-qaz sektorundan büdcəyə 2 milyard 286,1 milyon manat vergi daxil olmuşdu. Bu isə həmin gəlirlərdə illik ifadədə 22,2 faizlik azalmanın olmasından xəbər verir.

Azalma sırf “Şahdəniz” yatağı və SOCAR üzrədir. Belə ki, ötən ilin birinci yarısında SOCAR büdcəyə 897,6 milyon manat vergi ödəmişdi – bu il ödənişləri 6 faizə yaxın azaldıb.
“Şahdəniz”dən gələn mənfəət vergisi isə ötən ilin yeni dövründə 1 milyard 203,9 milyon manata bərabər olmuşdu. Builki ödənişlə müqayisə etsək, 473,5 milyon manat, yaxud 39,3 faiz azalma olduğu görünür. ABƏŞ-in ödəmələrində isə 3 faizdən çox artım var.

7QHpCeoldApAcz1X0u9AZCrv8LjZTzYzzOmNMItC_1200.jpg (165 KB)

Rəsmi statistikaya əsasən yanvar-iyulda Azərbaycanda əmtəəlik neft hasilatı 15,5 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 22,8 milyard kub metr təşkil edib. Əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,1 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 1,0 faiz artıb.

İxrac statistikasına əsasən ölkənin neft ixracı 2025-ci ilin 7 ayındakı 14,47 milyon tondan bu ilin eyni dövründə 12,72 milyon tona qədər, yaxud 12,1 faiz azalıb. Buna baxmayaraq, xam neftdən əldə olunan gəliri 7,66 milyard dollardan 8,03 milyard dollara qədər, yaxud 4,9 faiz artıb. Hökumətin gözləntiləri ilin sonunadək yüksək neft qiymətlərinin davam etməsi istiqamətindədir: əksər beynəlxalq analitik mərkəzlər də eyni mövqedədirlər.

Yeddi ayda Azərbaycanın qaz ixracı cəmi 0,1 faiz artaraq, 14,43 milyard kubmetrə yüksəlsə də, bu satışdan daxil olan gəlir 7,3 faiz azalmaqla 5,27 milyard dollardan 4,88 milyard dollara düşüb. Bu, uzunmüddətli müqavilələr üzrə dəyərin neft qiymətlərinə bağlı olmasından qaynaqlanır: neft qiymətlərindəki dəyişiklik belə müqavilələr üzrə dəyərə 6 aydan sonra təsir edir. Buna görə də Azərbaycan hökuməti “Şahdəniz”dən büdcəyə daxilolmalara dair proqnozunu artırıb. Hökumət gözləyir ki, ilin yekununda büdcəyə neft-qaz sektoru üzrə gözlənilən vergi daxilolmalarının 41,2 faizini və ya 1 milyard 750 milyon manatını SOCAR tərəfindən ödənilən vergilər, 11,8 faizini və ya 500 milyon manatını “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən podratçı təşkilatların mənfəət vergisi, 47,1 faizini və ya 2 milyard manatını isə “Şahdəniz” layihəsi üzrə hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən podratçı təşkilatların mənfəət vergisi təşkil edəcək.

Maliyyə Nazirliyinin açıqladığı sənədə əsasən, 2026-cı il dövlət büdcəsinin gözlənilən daxilolmalarının hesablanması zamanı Azərbaycan qazının bütün istiqamətlər üzrə 1000 kubmetrinin orta satış qiyməti 35 dollar artırılaraq 296 dollar müəyyən edilib. Qiymət artımı ilə əlaqədar “Şahdəniz” layihəsi üzrə hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən podratçı təşkilatların mənfəət vergisi daxilolmalarının 400 milyon manat və ya 25 faiz artacağı gözlənilir.

BNFXk7g63c9pyC1qnKF7frtL1CSnFgT9jiFbDFxe_1200.jpg (185 KB)

Hökumət qeyri-neft-qaz sektorundan vergi daxilolmalarında da gözlənilən cüzi artımı nəzərə almaqla, 2026-cı ilin yekununda büdcə gəlirlərinin 39 milyard 365,0 milyon manat təşkil edəcəyini proqnozlaşdırır ki, bu da təsdiq olunmuş proqnozla müqayisədə 756,0 milyon manat və ya 2,0 faiz çoxdur. Dövlət büdcəsinin gəlirlərinin 43,4 faizi və ya 17 milyard 85,0 milyon manatı neft-qaz sektorunun, 56,6 faizi və ya 22 milyard 280,0 milyon manatı isə qeyri-neft-qaz sektorunun payına düşəcək. Təsdiq olunmuş göstəricilərlə müqayisədə neft-qaz sektoru üzrə gəlirlərdə 650,0 milyon manat və ya 4,0 faiz, qeyri-neft-qaz sektoru üzrə gəlirlərdə isə 106,0 milyon manat və ya 0,5 faiz artıq icra gözlənilir.

Lakin bu artıq gəlirə rəğmən, hökumət büdcənin bütün istiqamətləri üzrə xərclərin ilkin təsdiq olunmuş məbləğini azaltmaq niyyətindədir – büdcə xərclərinin təsdiq olunmuş göstəriciyə nisbətən 2 faiz az – 40 milyard 862,6 milyon manat olacağı və nəticədə 841 milyon manata qənaət olunması planlaşdırılır.

Açıqlanan sənədə əsasən, büdcənin dövlət borcuna xidmət istisna olmaqla, bütün xərc istiqamətlərində az vəsaitin xərclənməsi nəzərdə tutulur. Bu zaman əsaslı xərclər 352,6 milyon manat, cari xərclər 488,5 milyon manat azaldılacaq.

99f74779-d42e-3bfe-ad0a-3f713e646536_1200.jpg (111 KB)

Beləliklə, hökumət 2027-ci ildə neft-qaz qiymətlərini artıran geosiyasi amillərin aradan qalxması, neft ixracının sürətli azalması fonunda qeyri-neft sektorundan daxilolmaların kəskin artmaması ehtimalını nəzərə almaqla, büdcə xərcləmələrində əlavə qənaətə keçmək qərarına gəlib. Bu qənaət qısamüddətli dövrdə dövlət büdcəsi kəsirinin, ilin yekununda isə daxili və xarici borclanmanın azalmasına gətirib çıxaracaq. Lakin ölkədə iqtisadi aktivliyin ən əsas drayveri olan büdcə xərcləmələrinin daha da azaldılmasının iqtisadiyyata uzunmüddətli mənfi təsiri daha ciddi ola bilər…