“Rufo Gəncinski”yə sui-qəsd oldu

“Rufo Gəncinski”yə sui-qəsd oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kriminal aləmdə “Rufo Gəncinski” kimi tanınan “qanuni oğru” Ülfət Tağıyevə Monteneqroda sui-qəsd cəhdi olub.

Rufo Rusiyadan birdəfəlik çıxarıldıqdan və ölkəyə ömürlük girişinə qadağa qoyulduqdan sonra Dubayda məskunlaşıb. Həmin vaxt onun əsas rəqibi, “qanuni oğru” Namiq Səlifov da Dubayda yaşayırdı. Onların uzun müddət bir-birini aradan götürməyə çalışdığı, BƏƏ-də isə yenidən adam toplamağa və qarşıdurmaya hazırlaşmağa başladıqları bildirilir.

Dubay hüquq-mühafizə orqanları bundan xəbər tutub. Namiq əməliyyatdan əvvəl qaça bilib, Rufo və hər iki tərəfdən təxminən 40 nəfər isə saxlanılıb. Onların hamısına BƏƏ-ni tərk etmək və bir daha ölkəyə qayıtmamaq tapşırılıb. Bundan sonra Tağıyev Çinə gedib.

Lakin bir müddət sonra onun Çində yaşamaqdan bezdiyi və Monteneqroya köçdüyü bildirilir. Burada o, digər “qanuni oğru”larla üzbəüz görüşmək imkanı əldə edib. Belə görüşlərdən biri təxminən iki ay əvvəl baş tutub.

Məlumata görə, Rufo restorandan çıxarkən ona yaxınlaşan killer iki dəfə atəş açmağa cəhd edib, lakin hər iki dəfə silah açılmayıb. Bundan sonra yerli sakinlər qeyri-adi mənzərənin şahidi olublar: killer qaçıb, Rufo və silahsız mühafizəçiləri isə onun ardınca düşüblər. Tərəflər qaçarkən bir-birini söyüb və yaxın qohumlarının adlarını çəkərək təhqirlər səsləndiriblər.

Killer, Tağıyev və onun adamlarından qaça bilsə də, Monteneqro polisi tərəfindən qısa müddət sonra saxlanılıb. Rufo isə yenidən risk etməmək qərarına gəlib və ölkəni tərk edib. İlkin məlumatlara görə, o, yenidən Çinə qayıdıb.

Qeyd olunur ki, uzunmüddətli səfərlər Tağıyevin maliyyə vəziyyətinə də təsir göstərib. Üstəlik, əsas gəlirlərinin gəldiyi Moskvada onun təsirinin zəifləməyə başladığı və bunun qazancını azaltdığı iddia olunur. Buna görə də Rufo özünü yenidən xatırlatmaq üçün səs-küylü addımlar atmağa qərar verib.

Avqustun 7-də Moskvanın Marfino rayonunda “Auchan” mağazasının qarşısında Rufonun adamları onun təsirini “unutmağa” başlayan şəxslərlə və onların yeni himayədarı ilə qarşıdurmaya giriblər. Danışıqlar baş tutmadığı üçün mübahisə əlbəyaxa dava, atışma və avtomobil təqibi ilə nəticələnib. Hadisədən sonra Rufonun adamlarından yalnız Əlixan Yandiyevin saxlanıldığı bildirilir.

Avqustun 12-də Moskvada yenidən atəş səsləri eşidilib. “Lotto Plaza”da yerləşən “Levantine” restoranının yaxınlığında silahlı şəxslər restoranın şəriki Şaiq Süleymanovun avtomobilinə atəş açıblar.

Məlumata görə, bundan az əvvəl Süleymanov Rufonun nümayəndələri ilə görüşüb. Onlar iş adamından “obşak”a (kriminal aləmin ümumi fonduna) pul ödəməsini tələb ediblər. Süleymanovun bundan imtina etdiyi, bundan sonra isə avtomobilinə atəş açıldığı iddia edilir.

Qeyd olunur ki, bu atışmalar Rufonun işini asanlaşdırır. Belə ki, bundan sonra Çindən edilən bir telefon zəngi belə biznesmen və tacirlərin “ümumi fond”a pul ödəməyə başlaması üçün kifayət edir.

Lent.az