Almaniya vətəndaşı Münhen hava limanında kəşfiyyat məlumatlarını Rusiyaya ötürmək üçün kəşfiyyat xidmətinin əməkdaşı ilə əlbir olduğu iddiası ilə vətənə xəyanətdə şübhəli bilinərək həbs edilib.
Tribuna.az “Reuters”ə istinadən xəbər verir ki, prokurorun verdiyi açıqlamada, Artur E. kimi tanınan şəxs ABŞ-dan Almaniyaya gəldikdən sonra həbs edilib. Onun dekabrda Rusiyaya casusluqda şübhəli bilinərək həbs edilən Almaniya Xarici Kəşfiyyat Xidmətinin (BND) əməkdaşı Karsten L-nin şəriki olduğu bildirilir.
Prokurorun açıqlamasına görə, Alman kəşfiyyatının əməkdaşı olmayan Artur E-nin Karsten L-dən əldə etdiyi məlumatları Rusiya kəşfiyyat xidmətinə ötürdüyü güman edilir.
Almaniyanın ən yüksək cinayət məhkəməsinin hakimi qarşısına çıxarılan və həbs qətimkan tədbiri seçilən Artur E-nin həbsinə dair order artıq verilib, bəyanatda deyilir.
Prokuror bildirib ki, istintaq BND və ABŞ Federal Təhqiqat Bürosu (FTB) ilə sıx əməkdaşlıq əsasında aparılıb.
Qeyd edək ki, Almaniya hakimiyyəti Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı Kremlin Qərblə qarşıdurmasını nəzərə alaraq, Rusiya casusluğunun güclənəcəyi barədə xəbərdarlıq edib.









