Qarabağda separeatçılar arasında intriqa getdikcə ciddi şəkil almağa başlayıb. Rusiyanın dəstəyi ilə separatçılara başçı göndərilən Ruben Vardanyanın son “islahat”ları heç bir işə yaramadığı kimi, həm də daxildə ciddi narazılıqla qarşılanıb.
Triobunainfo.az xəbər verir ki, Laçın dəhlizində aksiya keçirən Azərbaycanın ekofəalları daxildəki narazılığın daha da şiddətlənməsinə yol açıb. Nəticədə, separatçıların rəhbəri Araik Harutyunyan “dövlət naziri” Ruben Vardanyanın istefa verməsini tələb edib. Əks təqdirdə, onun işdən çıxarılması barədə sərəncam verəcəyini açıqlayıb. Lakin Vardanyanın geri çəkilmək və istefa vermək niyyətinin olmadığı deyilir.
Erməni mediasının bununla bağlı yaydığı xəbərdə də deyilir ki, Harutyunyanın belə bir addım atması son günlər Qarabağda vəziyyətin ağırlaşması, Azərbaycanın təzyiqləri qarşısında duruş gətirə bilməmələri, habelə bunda Vardanyanı günahkar bilmələridir.
Həmin mənbələr qeyd edir ki, Vardanyanın istefasından sonra separatçılar seçki keçirmək istəyirlər. Bu seçkilər isə “prezident” və “parlament”dən ibarətdir. Ona qədər isə martda “konstitusiya dəyişikliyi” üçün “referendum” keçirməyi planlaşdırırlar.
Qeyd edək ki, Qarabağdakı separatçıların nümayəndələri hazırda intriqaların baş qaldırdığı və getdikcə şiddətləndiyini də inkar etmirlər. Məsələn, Metaxe Akopyan bildirir ki, faktiki olaraq, Qarabağda qarışıqlıq var. Onun sözlərinə görə, məqsəd Xankəndidəki separatçıların idarəetmə mexanizmlərini dağıtmaqdır. “Qarabağı daxildən dağıtmağa çalışırlar. Bunu həm xaricdən istəyən qüvvələr var. Həm də daxildəki intriqabazlar prosesi körükləyirlər. Aydındır ki, bu, təkcə Azərbaycanın fəaliyyətinin nəticəsi deyil. Burada Ermənistanın da rolu az deyil. Paşinyan hakimiyyəti Bakı ilə eyni siyasətə sahibdir, eyni yolu çəkiblər və eyni yolla gedirlər”.
P.S. Maraqlı məqam odur ki, separatçılar bunu necə həyata keçirəcəklər? Əvvəla Qarabağ faktiki olaraq Azərbaycan torpağıdır. İkincisi, orada Azərbaycan üsul-idarəsinin yaradılması üçün sonuncu mərhələyə artıq çatılıb. Yəqin ki, bu ildən o yana Xankəndidə separatçıların qalması mümkün olmayacaq. Gedişat da bunu deməyə əsas verir.
Üçüncüsü, separatçılar rus sülhməramlılarının iştirakı ilə belə bir addım atmaq imkanlarının olduğunu düşünürlərsə, ciddi səhvə yol verirlər. Əgər onlar belə bir addım atarlarsa, o zaman ruslar belə geri çəkilməli olacaqlar. Müqabilində isə Azərbaycan Ordusu bölgəyə daxil olub, separatçılara qarşı antiterror əməliyyatı keçirmək məcburiyyətində qalacaq.









