SEPAH 288 il öncəki xəritəni paylaşdı: Mesaj göndərirlər?- ŞƏRH

SEPAH 288 il öncəki xəritəni paylaşdı: Mesaj göndərirlər?- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda əsas hərbi qüvvə olaraq qəbul edilən SEPAH 12 günlük müharibədən sonra yenidən özünə “gəlib”.

Tribuna.az xəbər verir ki, komandanlığı belə öldürülən bu birliyin son addımları isə birmənalı qarşılanmır.

SEPAH-a məxsus “Tabnak” saytının son paylaşımı isə başqa bir prosesin başlanmasından xəbər verə bilər. Məsələ belədir ki, bu sayt 288 il öncəyə aid etdiyi xəritəni paylaşıb. Həmin xəritədə Azərbaycan, Gürcüstan və Ermənistan İran ərazisi kimi göstərilib.

Aydın məsələdir ki, “Tabnak” bunu özbaşına etməyib. Onlar aldıqları təlimata uyğun hərəkət ediblər. Bəs, bu nə məqsəd daşıyır?

Ekspert, Jurnalist Araşdırma Mərkəzinin rəhbəri Fikrət Fəraməzoğlu Tribuna.az-a açıqlamasında bildirib ki, SEPAH verdiyi itkilərin bir qismini bərpa etdikdən sonra, yenidən arenaya qayıtmağa başlayıb. Onun sözlərinə görə, 288 il öncəyə aid edilən xəritənin paylaşılması isə orada göstərilən ərazilərə iddia anlamı daşıyır. “SEPAH heç bir vaxt “tarixi İran torpaqları”ndan imtina etməyib. Üzdə olmasa da, arxa planda mütləq bu iddialarını bu və ya digər şəkildə nümayiş etdirib. Bu xəritə məsələsi də həmin prosesin tərkib hissəsidir”.

Fəraməzoğlu qeyd edib ki, SEPAH-ın indi bu addımı atmasında Azərbaycanla NATO arasında Bakıda keçirilən son görüşün təsirləri var. “İran meddiası Bakıda NATO görüşündən sonra bir xeyli bunu özü üçün “təhdid” saymağa başlamışdı. Hətta bir qədər də irəli gedərək, Azərbaycanın Rusiya və İranı bölgədən çıxarmaq planı olduğunu belə iddia etmişdi. Görünür, SEPAH xəritə məsələsi ilə mesaj göndərir ki, həmin “əzəli İran toprpaqları”nı geri ala bilər. Zatən, onların belə bir planları var və onu həyata keçirmək üçün əlverişli vaxt gözləyirlər”.

Mərkəz rəhbəri onu da deyib ki, SEPAH-ın indi atdığı bu addımların heç bir təsiri olmayacaq. “Bu gün SEPAH 12 günlük müharibədəki itkilərini tam kompensasiya etməyib. Bunun üçün ona çoxlu zaman lazım olacaq. Belə bir məqamda xəritə paylaşmaq, mesaj göndərmək isə nəticəsiz hərəkətlərdir. SEPAH-ın bu gün elə bir gücü yoxdur ki, istənilən çevrə dövlətlərdən birinə hücum etsin. Hətta bu cəsarəti edərsə, bütün dünya ilə üz-üzə qalmalı olacaq”.

Fərda Uğur