Fərman Quliyevin lombardı 1 milyon manata yaxın borca girib

Fərman Quliyevin lombardı 1 milyon manata yaxın borca girib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sizin Lombard” brendi ilə fəaliyyət göstərən “GL” ASC istiqraz yerləşdirilməsi yolu ilə 900 min manat borc vəsaiti cəlb edib.

Tribuna.az-ın əldə etdiyi məlumata əsasən, şirkətin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac noyabrın 6-da yekunlaşıb. Hərrac zamanı hər birinin nominal dəyəri 100 manat olan 9 min ədəd istiqrazın hamısı satılıb.

İstiqrazların illik faiz dərəcəsi 15%, tədavül müddəti isə 7 il müəyyən edilib. Faiz ödənişləri hər ay həyata keçiriləcək.

Hesablamalara görə, şirkət cəlb etdiyi 900 min manat vəsaitə görə hər il 135 min manat, ayda isə 11 min 250 manat faiz ödəməlidir. İstiqrazlar bütün müddət ərzində dövriyyədə qalarsa, 7 il üzrə ümumi faiz ödənişləri 945 min manat təşkil edəcək.

Beləliklə, əsas borcun qaytarılması da nəzərə alınmaqla, şirkətin ümumi ödəniş öhdəliyi 1 milyon 845 min manata çatacaq.

Hərracda 52 investor iştirak edib və 52 sifariş təqdim olunub. İstiqrazlar təminatsız buraxılıb və Bakı Fond Birjasının Standart Bazar Listinqi seqmentinə daxil edilib.

Yerləşdirmə üzrə anderrayter “İnvest-AZ İnvestisiya Şirkəti” QSC olub.

Qeyd edək ki, “GL” ASC 2016-cı ildən lombard fəaliyyəti ilə məşğuldur. Şirkətin nizamnamə kapitalının 100%-i Fərman Eldar oğlu Quliyevə məxsusdur. F. Quliyev, həmçinin “Para” Bank Olmayan Kredit Təşkilatının (BOKT) 6%-lik səhmdarıdır. Onun atası Eldar Elman oğlu Quliyev vaxtilə fəaliyyət göstərmiş “Para Bank”ın sahiblərindən olub. Bankın lisenziyası 2016-cı ildə ləğv edilib, daha sonra fəaliyyəti BOKT formasında davam etdirilib.

Fərda Uğur