“Megastore” marketdə qiymət kağızında 89 qəpik göstərilən 1 litrlik “Sirab” qazsız suyu kassada 1 manata satılıb.
Tribuna.az Plat.az-ın əldə etdiyi məlumata görə, bu səbəbdən barəsində inzibati protokol tərtib edilən MMC-nin 4 min manat cərimələnməsi barədə Yasamal Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
İş materiallarına görə, hadisə 2026-cı ildə baş verib. Vətəndaş İlkin Tağıyev marketdəki qiymət fərqi ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edib. O, müraciətinə qiymət kağızının və kassa qəbzinin fotolarını da əlavə edib.
Araşdırma zamanı müəyyən edilib ki, “Megastore” marketdə 1 litrlik “Sirab” qazsız suyun vitrinində satış qiyməti 89 qəpik göstərilsə də, kassada istehlakçıdan 1 manat tələb olunub. Beləliklə, məhsulun elan edilmiş qiyməti ilə faktiki satış qiyməti arasında 11 qəpik fərq yaranıb.
Faktla bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə protokol tərtib edilib.
Yasamal Rayon Məhkəməsinin hakimi Orxan Məmmədlinin qərarı ilə şirkət istehlakçının az miqdarda aldadılmasında təqsirli bilinərək 4 min manat cərimələnib.
MMC qərardan apellyasiya şikayəti verib. Şirkətin nümayəndəsi şikayətində 11 qəpiklik qiymət fərqinin yaranma səbəblərinin, eləcə də qiymət kağızlarının yenilənməsi və kassadakı qiymətlərin uyğunlaşdırılmasına cavabdeh olan konkret şəxsin məsuliyyətinin araşdırılmadığını bildirib. Müdafiə tərəfi hüquqi şəxsin məsuliyyətə cəlb edilməsinin kifayət qədər əsaslandırılmadığını iddia edərək qərarın ləğvini istəyib.
Bakı Apellyasiya Məhkəməsi isə şikayəti əsassız hesab edib. Məhkəmə kassa qəbzini, qiymət kağızının fotosunu və digər sübutları araşdıraraq vitrin qiyməti ilə kassada tələb olunan məbləğ arasında uyğunsuzluğun təsdiqləndiyi qənaətinə gəlib.
Qərarda qeyd olunub ki, istehlakçıya məhsulun qiyməti barədə təqdim edilən məlumatla faktiki satış qiymətinin fərqli olması onun düzgün məlumat almaq hüququnu pozur. Satıcı istehlakçıya məhsulun qiyməti barədə zəruri və düzgün məlumat verməlidir.
Nəticədə apellyasiya şikayəti təmin edilməyib, Yasamal Rayon Məhkəməsinin MMC barəsində çıxardığı 4 min manatlıq cərimə qərarı dəyişdirilmədən saxlanılıb. Qərar qətidir.









