Şahzadə Uilyamdan  övladlarına qadağa

Şahzadə Uilyamdan övladlarına qadağa

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniya kral ailəsinin üzvü, Şahzadə Uilyam övladlarının evdə telefon istifadəsinə icazə vermədiklərini açıqlayıb.

Tribuna.az xəbər verir ki, Uilyam bu barədə Apple TV+-da yayımlanan “The Reluctant Traveler” proqramında aktyor Eugene Levy ilə söhbəti zamanı danışıb.

Levy ailənin hələ də birlikdə yemək yeyib-yemədiyini soruşub. Şahzadə Uilyam isə bunun ailələri üçün çox vacib olduğunu bildirib:

“Bəli, əlbəttə. Hamımız birlikdə masa arxasında oturur, söhbət edirik. Bu, bizim üçün həqiqətən çox önəmlidir”.

Uilyam daha sonra ailədə tətbiq olunan ən sərt qaydalardan birini açıqlayıb. Onun sözlərinə görə, uşaqlarına evdə telefon istifadə etməyə icazə verilmir.

“Uşaqlarımızın evdə telefon istifadə etməsinə icazə vermirik. Bu məsələdə olduqca sərt davranırıq”, – deyə o qeyd edib.

Hazırda Şahzadə George 12, Şahzadə Charlotte 10, Şahzadə Louis isə 7 yaşındadır.

Şahzadə Uilyam bildirib ki, uşaqlarının asudə vaxtlarını ekran qarşısında keçirməkdənsə, idmanla məşğul olmasına, musiqi öyrənməsinə və açıq havada oynamasına üstünlük verirlər.

Onun sözlərinə görə, hər üç uşaq musiqi alətində ifa etməyi öyrənməyə çalışır.

Uilyam bunu zarafatla “uğur səviyyələri fərqlidir” ifadəsi ilə təsvir edib.

Şahzadə Uilyam və həyat yoldaşı Keyt Middlton uşaqlarının sevgi və qarşılıqlı ünsiyyətin olduğu ailə mühitində böyüməsinə xüsusi önəm verirlər. Ailədə birlikdə yemək yemək, söhbət etmək, bir-birini dinləmək və birgə vaxt keçirmək əsas dəyərlərdən hesab olunur.

Gülşən Rəsul