Təcili Tibbi Yardım həkimi Sabunçu Tibb Mərkəzində insult keçirən xəstəyə göstərilən laqeyd münasibəti ictimailəşdirib.
Tribuna.az xəbər verir ki, həkim Pərvanə Fətullayevanın sözlərinə görə, ağır vəziyyətdə olan xəstənin müayinəsini sözügedən xəstəxana sabaha saxlamağı məsləhət görüb:
“Təcili yardım həkimi olaraq kəskin insult (beyin qan dövranı pozğunluğu) şübhəsi olan bir xəstəni Sabunçu Tibb Mərkəzinə hospitalizasiya etdim. Xəstəxanadakı növbətçi həkim bizə “xəstəni o biri korpusa aparın, Beyin MRT-si etdirin” dedi. Müayinə olundu və bildirildi ki, “MRT cavabını oxuyan mütəxəssis hazırda yoxdur, sabah səhər saat 10-da gələcək…”
Dəhşətli xəta da məhz buradadır! İnsult zamanı hər dəqiqədə 1.9 milyon beyin hüceyrəsi (neyron) ölür və həyat qurtarmaq üçün cəmi 4.5 saatlıq bir “terapevtik pəncərə” var. Xəstəni növbəti günün səhərinə qədər gözlətmək, onu birbaşa əlilliyə və ya ölümə tərk etmək deməkdir.
Bəs DOĞRUSU nədir? (Beynəlxalq Protokol nə deyir?)
Amerika Ürək və İnsult Assosiasiyasının (AHA/ASA) rəsmi təlimatına əsasən, kəskin insult şübhəsi olan xəstə xəstəxanaya girən andan etibarən İLK ADDIM olaraq MRT yox, Kontrastsız Beyin KT-si (Kompüter Tomoqrafiyası) olunmalıdır!
Niyə KT?
Sürət: KT müayinəsi cəmi 2-3 dəqiqə çəkir, MRT isə 25-30 dəqiqə (kəskin xəstə üçün bu böyük vaxtdır).
Məqsəd: İlk dəqiqələrdə məqsəd beyindəki zədənin böyüklüyünü görmək yox, xəstəyə tromb əridici müalicə vermək üçün əks-göstəriş olan QANAXMANI (Hemorragiyanı) istisna etməkdir. KT qanaxmanı təyin etmək üçün QIZIL STANDARTDIR.
Mütəxəssis asılılığı yoxdur: KT-də qanaxmanı təcili yardım həkimi və ya növbətçi həkim də xüsusi radioloq olmadan dərhal görə bilir. MRT-ni oxumaq isə mütəxəssis tələb edir (və bizim keysdəki kimi xəstə ortada qalır).
“MRT etdirin, cavab sabah çıxacaq” yanaşması həm tibbi, həm də hüquqi baxımdan böyük bir xətadır. Tibb müəssisələrində daxili insult alqoritmləri mütləq yenilənməlidir. Xəstəxanaya gələn insult xəstəsi birbaşa və təcili olaraq KT-yə yönləndirilməlidir!”.
Nigar İxtiyarqızı









