Türkiyədə bir fermer kənd təsərrüfatı sektorundakı qiymət dəyişikliklərinə və qeyri-sabitliyə etiraz olaraq maraqlı addım atıb.
O, yetişdirdiyi 4 ton pomidoru Antalya sakinlərinə pulsuz paylayıb.
Tribuna.az xəbər verir ki, bu barədə iyunun 9-da ölkənin “Haberler.com” portalı məlumat yayıb.
Fermer Turan Kıvrak aqrar sahədəki kəskin qiymət dalğalanmalarından ciddi narazı qaldığını bildirib. Onun sözlərinə görə, min bir əziyyətlə yetişdirdiyi pomidorlara uyğun qiymətə alıcı tapa bilmədiyi üçün məhsulunu insanlara pulsuz paylamaq qərarına gəlib:
“Qiymətlər daim dəyişir və qeyri-sabitdir. Pomidorları dəyər-dəyməzinə satmaqdansa, onları insanlarla qarşılıqsız olaraq bölüşməyi daha üstün tutdum”.
Məlumatda qeyd olunur ki, Turan Kıvrakın pomidor payladığı Antalyanın Serik rayonundakı Çinaraltı meydanında böyük izdiham yaşanıb. Pulsuz tərəvəz almaq istəyən onlarla sakinin iştirakı ilə meydanda uzun növbələr yaranıb.









