Eynulla Fətullayev: Haqqın.az-ı Adəm Bakuviyə satmışam

Eynulla Fətullayev: Haqqın.az-ı Adəm Bakuviyə satmışam

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Həyatımın 32 ilini Azərbaycanın müstəqil mətbuatına həsr etmişəm. Və fəaliyyətim dövründə ölkənin ən oxunaqlı və kütləvi nəşrlərinə rəhbərlik etmişəm. Öncə fədakar jurnalist Elmar Hüseynovla “Monitor” dərgisini bərpa etdim, lakin 2005-ci ildə həmkarımın qətlindən sonra “Реальный Азербайджан» və “Gündəlik Azərbaycan” qəzetlərini təsis etdim, qısa zaman ərzində nəşrlər oxucuların rəğbətini və etibarını qazandı. Sonra ölkədə ilk müstəqil elmi-nəzəri jurnalın – “Азербайджан в мире» dərgisinin bünövrəsini qoydum. Lakin 2007-ci ildə ağır repressiv dalğası ilə üzləşib, saxta ittihamlarla həbs edildim. Bütün nəşrlərim qapadıldı.”

Tribuna.az xəbər verir ki, bu barədə jurnalist Eynulla Fətullayev “Haqqin.az” saytının satılması ətrafında yayılan xəbərlərə münasibət bildirərkən qeyd edib. Onun sözlərinə görə, 2010 və 2018-ci illərdə İnsan Haqları üzrə Avropa Məhkəməsinin qərarları ilə bəraət aldıqdan sonra qarşısında mühacirət və ya ölkədə qalıb fəaliyyəti davam etdirmək dilemması dayanıb və o, ikinci yolu seçərək “Haqqin.az” brendini yaradıb: “Mən heç vaxt siyasətlə məşğul olmamışam. Özümü siyasətçi hesab etməmişəm və etmirəm. Hakimiyyətlə dialoq olub, əməkdaşlıq da olub və bu bütün ölkələr üçün normal hal olmalıdır. Lakin mənim hakimiyyətlə bərabərhüquqlu və horizontal münasibətlərim olub. Heç vaxt əmr qulu olmamışam. Əmr qulu olan jurnalistlərə də nifrət etmişəm. Senzuranı qəbul etməmişəm, deyinmişəm, amma hesablaşmışam… Beləliklə, addım-addım irəliləyə-irəliləyə daha bir populyar nəşr yaratmışam…”

Fətullayev qeyd edib ki, son illərdə mətbuatın fəaliyyət sahəsi minalanmış əraziyə çevrilib və bu səbəbdən jurnalistikanı tərk etmək qərarına gəlib: “2023-cü ildə mənə qarşı Laçında çox çirkin hibrid təxribat törədildi və həm də qarşımda miraj kimi boz və keçilməz bir divar görünməyə başladı. Artıq yolun sonu görünürdü… Məhz bu hadisədən sonra ən sevdiyim şəhərlərdən biri İstanbula köçmək qərarını verdim. Amma hələ işləyirdim, çalışırdım, ümidlərim tam qırılmamışdı. Fəqət 2025-ci ildən üfüqdən miraj kimi divara bənzəyən məkanın aydın şəkildə mina sahəsi olduğu bəlli oldu. Bu xəttdən sonra müstəqil jurnalistlər partlamağa başlayır… Saytı satmaq və Azərbaycanda jurnalistikanı tərk etmək qərarına gəldim. Haqqın.az-ın domenini, MMC-nin tam payını iş adamı və politoloq İsmayılov Adəmə notariat qaydada satdım. Mən nə Caliber adlı sayt eşitmişəm, nə də Timur adlı şəxsin üzünü görmüşəm.”

Jurnalist qeyd edib ki, gələcək planlarında hələlik biznes fəaliyyəti ilə məşğul olmaq dayansa da, regionda və dünyada cərəyan edən proseslərlə bağlı sosial şəbəkə hesablarında maraqlı məlumatlar paylaşmağa davam edəcək. O, hazırkı dövrdə Azərbaycanda jurnalistika ilə məşğul olmağın uçurumun üzərindəki nazik kanatda yerimək qədər təhlükəli olduğunu bildirərək, gələcəkdə bu sahəyə qayıdıb-qayıtmayacağının isə zamanın axarından asılı olduğunu vurğulayıb və bütün oxucularına təşəkkürünü çatdırıb.