Rusiyada Ukrayna ilə müharibəyə kriminal dünyanın nümayəndərini cəlb etmək istiqamətində təbliğat kampaniyası başlayıb.
Qaynarinfo xatırladır ki, hələ müharibənin əvvəllərində “Vaqner” özəl hərbi qrupunun təsisçisi Yevgeni Priqojinin Rusiya həbsxanalarının birində məhbusları müharibəyə cəlb etməsi ilə bağlı görüntülər yayılmışdı.
Həmin vaxt məlumat yayıldı ki, “qanuni oğru”lar məhbusların müharibəyə yollanmasına xoş münasibət göstərməyiblər. Bu baxımdan, Rusiya siyasi rəhbərliyinin bu planı o qədər də uğurlu olmadı.
Ukraynanın cəbhə boyu əks-hücum əmliyyatına başlaması yenidən bu məsələni gündəmə gətirib.
Təbliğat kampaniyasında əsas tezis budur ki, məhbuslar azadlıq əldə etmək üçün müstəqil qərar verə bilərlər. Bu məsələdə oğru dünyası ilə kriminal dünya arasında fərq qoyulur.
Rusiya KİV-lərində bu barədə tirajlanan materiallarda kriminal dünyanın heç oğru dünyası ilə eynilik təşkil etmədiyi vurğulanır. “Qanuni oğru”ların seçdiyi həyat tərzi onların yazılmamış qanunlarının təzahürü kimi səciyyələndirilir. Sıravi məhbuslar isə bu qanunlardan kənar tutulur. İddia edilir ki, onlar oğru qanunları ilə yaşamaq məcburiyyətində deyillər. Sıravi məhbuslar üçün sadəcə həbsxana qaydaları var. Nümunə kimi qanuni oğruların hərbi xidmət keçməsinin yasaq olduğu, sıravi məhbuslar üçün isə belə bir qadağanın olmadığı irəli sürülür.
İkinci Dünya müharibəsində SSRİ-nin o zamanki rəhbəri İosif Stalin müharibədə məhbuslardan da yararlanıb. Müharibə bitdikdən sonra onlardan bəziləri yenidən həbsə düşüb. Bu zaman həmin şəxslər oğru qaydaları ilə sərt şəkildə cəzalandırılıb. Nəticədə həbsxanalarda qanlı qarşıdurmalar baş verib. Yüzlərlə məhbus bu qarşıdurmaların qurbanı olub.
Bu gün məhbusların müharibəyə həvəs göstərməmələri də həmin vaxt baş verənlərlə əlaqəlidir. Yəni, onlar düşünür ki, müharibədən qayıtdıqda sonra yolları həbsxanadan keçərsə, oğru qaydaları ilə cəzalandırıla bilərlər.
Rusiya KİV-i isə israrla qeyd edir ki, indi belə bir qarşıdurmanın baş vermə ehtimalı azdır. Bu, həm yeni dövrün tələbləri, həm də oğru qaydalarında müəyyən dəyişikliklərin olması ilə izah edilir.
Bu kampaniyanın uğurlu olub-olmayacağını zaman göstərəcək.









