“Qarabağdakı erməni silahlı ünsürləri çıxarılmalıdır. Martın 5-də baş verən təxribat bir daha göstərdi ki, onları tərksilah etmədən bölgəyə sabitlik, əmin-amanlıq gəlməyəcək, dinc erməni əhalisi da terrorçu rejimin əsarətində qalacaq”. Bu sözləri millət vəkili Məşhur Məmmədov Tribuna.az-a bildirib. Onun sözlərinə görə, ərazilərimizə qanunsuz daşımalar həyata keçirilməsi sərhədlərin delimitasiyası, nəzarət-buraxılış məntəqələri qurulması labüdlüyünü gündəmə gətirir. Deputat hesab edir ki, rus hərbçilərinin məsuliyyət zonasında baş verən özbaşınalıqlara görə həm də sülhməramlı kontingent cavabdehdir. “Azərbaycan Ordusu ərazilərimizdə hansı terrorçu başını qaldıracaqsa, onu əzəcək. Separatçı rejimin nümayəndələri son günlər verdikləri bəyanatlarla arxayın şəkildə danışırlar, bu da səbəbsiz deyil, müxtəlif dairələrdən siyasi ilham alırlar. Lakin Azərbaycan öz ərazilərində erməni separatizminə uzun müddət səbrlə yanaşmaq niyyətində deyil”- deyə millət vəkili vurğuladı. M.Məmmədov hesab edir ki, Qarabağda erməni separatizminin kökü kəsilməlidir. Millət vəkili separatçı dəstələr zərərsizləşdirilməsə, azad edilən ərazilərə qayıdışın risk olduğunu düşünür.









