Prezidentliyə başlayan Esprielyaya 1 milyard dollar veriləcək

Prezidentliyə başlayan Esprielyaya 1 milyard dollar veriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Kolumbiyanın yeni Prezidenti Abelardo de la Esprielyanın administrasiyasını dəstəkləmək məqsədilə 1 milyard dollar vəsait ayıracaq.

Tribuna.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı bəyanatda bildirilib.

Sənəddə qeyd olunur ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası Konqreslə əməkdaşlıq çərçivəsində Kolumbiyanın yeni rəhbərliyinə təhlükəsizlik sahəsində yardım paketi olaraq 1 milyard dollar ayrıldığını elan etmək niyyətindədir. Məlumata görə, bu vəsait Qərb yarımkürəsində mütəşəkkil cinayətkarlıq və narkotik ticarətinə qarşı ABŞ ilə birgə mübarizəyə yönəldiləcək. Bununla yanaşı, pulun bir hissəsinin iqtisadi layihələrin inkişafına, ticarətə və kritik mineralların hasilatına sərf edilməsi nəzərdə tutulur.

Bundan başqa, Kolumbiyanın yeni dövlət başçısı Abelardo de la Esprielya ABŞ-nin təşəbbüsü ilə yaradılan “Amerika Qalxanı” alyansına qatılacaqlarını açıqlayıb.

“Mənim ilk hökumət aktlarımdan biri qüvvələri birləşdirməyə, strateji məlumatları mübadilə etməyə və milli, eləcə də regional təhlükəsizliyə təsir edən təhdidlər qarşısında azad ölkələrin birgə fəaliyyətini gücləndirməyə imkan verəcək “Amerika Qalxanı” təşəbbüsünə [qoşulma aktını] imzalamaq olacaq”, – deyə avqustun 7-də keçirilən andiçmə mərasimindən sonra dövlət başçısı kimi ilk çıxışında deyib.

Prezident bu qərarını Kolumbiyanın da digər dövlətlər kimi qlobal səviyyədə fəaliyyət göstərən cinayətkar strukturlara qarşı təkbaşına qalib gələ bilməməsi ilə izah edib.

De la Esprielya, həmçinin vurğulayıb ki, onun rəhbərlik etdiyi hökumət qarşılıqlı hörmət əsasında dünyanın bütün ölkələri ilə əlaqələri inkişaf etdirəcək.

“Biz mövcud azad ticarət müqavilələrini daha da gücləndirəcək və yeni sazişlərin bağlanmasını təşviq edəcəyik”, – deyə o bildirib.,oxu.az