PREZİDENTLƏR NƏ VAXT GÖRÜŞƏCƏK?

PREZİDENTLƏR NƏ VAXT GÖRÜŞƏCƏK?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sülh müqaviləsinin imzalanmasına təkan verəcək proseslərin Brussel görüşündə baş verməsi gözləniləndir. Hesab edirəm ki, belə bir görüşün keçirilməsi plandadır.

Bu sözləri Tribuna.az-a siyasi şərhçi Züriyə Qarayeva İlham Əliyevlə Nikol Paşinyan görüşü barədə danışarkən deyib. Politoloq qeyd edib ki, Soşi görüşündən sonra görüşməyən prezidentlərin görüşü üçün ən uğurlu yer elə Brusseldir:

“Brusseldə görüş gözlənilirdi. Ancaq məlumdur ki, Ermənistan tərəfinin növbəti təxribatçı addımları və Paşinyanın Fransanı da danışıqlar prosesinə cəlb etmək istəyi nəticəsində Azərbaycan tərəfi haqlı olaraq görüşdən imtina etdi. Dekabrın 7-də keçirilməli olan Brussel görüşü təxirə salındı. Hesab edirəm ki, Azərbaycanın ortaya qoyduğu iddialı mövqe qarşı tərəfdən anlaşılmamış deyil. Bu baxımdan, danışıqlar masasına əlavə qüvvələrin cəlb olunması Azərbaycanın haqlı narazılığına səbəb oldu, əgər bu qüvvələr Azərbaycanın suverenliyinə təhdid törədəcək bəyanatlar səsləndirən, Azərbaycanın ərazi bütövlüyünü sual altına qoyan qətnamələr qəbul edən qüvvələrdisə, belə də olmalı idi.

Avropa ittifaqı rəsmiləri Şarl Mişelin başçılığı ilə çox yaxşı anlayırlar ki, sülh prosesi yalnız Azərbaycanın diqtə etdiyi şərtlərlə aparılmalıdır. Ona görə ki, müharibənin qalib tərəfi Azərbaycandır və Azərbaycanın diktə etdiyi tələblər beynəlxalq hüququn prinsiplərinə uyğun tələblərdir. Bu baxımdan hesab edirəm ki, Avropa İttifaqı Tərəfindən də bu məsələ Azərbaycanın ortaya qoyduğu şəkildə qəbul olunacaq. Necə ki, 2022-ci ildə irəli sürülmüş 5 maddəlik prinsip qarşı tərəfdən qəbul olunmuşdu və Praqa görüşündə də Azərbaycanın ərazi bütövlüyü Ermənistan tərəfindən qəbul olunmuşdu. Bu proseslərin davamını 2023-cü ildə gözləyirik. Təbiidir ki, praktiki irəliləyişin daha çox ehtimal olunduğu platforma Brussel platformasıdır. Daha çox inandırıcıdır ki, Brussel görüşündə praktiki irəliləyişlər əldə olunsun. Ən azından sülh müqaviləsinin imzalanmasına təkan verəcək proseslərin Brusseldə baş verməsi gözləniləndir. Hesab edirəm ki, belə bir görüşün keçirilməsi plandadır”.

Tribuna.az