Rusiya tərəflərin Azərbaycanla Ermənistan arasında gərginliyin azalmasına gətirib çıxara biləcək istənilən addımını alqışlayır.
Tribuna.az Sputnik Armeniya-ya istinadən xəbər verir ki, “Moskva, Bakı və İrəvan arasında Qarabağla bağlı razılaşmalar Kreml tərəfindən yeganə real və mübahisəsiz hesab olunur”. Bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Biz tərəflərin gərginliyin azaldılmasına gətirib çıxara biləcək və üçtərəfli Rusiya-Azərbaycan-Ermənistan sazişlərinin həyata keçirilməsi istiqamətində gələcək irəliləyişə töhfə verəcək istənilən addımını alqışlamağa hazırıq”, – deyə Peskov Moskvanın bu addımı ilə bağlı sualı cavablandırıb.
Rusiya prezidentinin mətbuat katibinin sözlərinə görə, “üçtərəfli sazişlər indi nizamlanma üçün yeganə real əsasdır, ona görə də biz bütün müddəaların icrası istiqamətində irəliləyişi mübahisəsiz və hamı üçün zəruri hesab edirik”.
Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanın Azərbaycanla münasibətlərin sülh yolu ilə nizamlanmasına sadiq olduğunu dəfələrlə bəyan edib.
Hazırda Ermənistan Azərbaycandan sülh müqaviləsi layihəsi ilə bağlı ümumilikdə dörd təklif paketi alıb, cavab olaraq Bakıya üç sənəd göndərib.
Ermənistan Xarici İşlər Nazirliyi bəyan edib ki, İrəvan və Bakı xırda məsələlər üzrə qarşılıqlı məqbul düsturlar tapıblar, lakin gələcək sülh müqaviləsinin əsas müddəaları üzrə mövqeləri hələ də yaxınlaşdırmaq mümkün olmayıb.









