2022-ci ildə Azərbaycana 74 577 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub, ölkəyə gətirilən avtomobillərin ümumi dəyəri 1 mlrd. 57 mln. 800 min dollar olub – yəni, ortalama hər avtomobilin qiyməti 14184 dollar olub. Maraqlı məsələ odur ki, saya görə 2022-ci ildə 2021-ci ilə nisbətən 13,1% az olsa da, dəyər ifadəsində 2022-də 2021-ci ilə nisbətən 18,2% çox artım olub. Bu o deməkdir ki, ölkəyə gətirilən avtomobillərın də ortalama qiyməti artıb.
Tribuna.az xəbər verir ki, bu barədə iqtisadçı Natiq Cəfərli bildirib. O qeyd edib ki, ölkəyə 155,4 mln. dollarlıq 11337 ədəd hibrid, 17,7 mln. dollarlıq 486 ədəd sırf elektriklə işləyən maşın gətirilib:”Elektriklə çalışan maşınların sayı keçən il 2021-ə nisbətən 3 dəfə artıb.
Ötən il elektriklə işləyən maşınlara rüsumlarla bağlı güzəşt elan edildi, amma son 3 ildə istehsal edilən maşınlara bu güzəştlər tədbiq edilir. Güzəşt elan olunan kimi ölkəyə gətirilən elektrikli avtomobillərin sayı kəskin artıb, amma dünya ölkələri ilə müqaisədə çox-çox azdır, cüzidir.
Səbəbi də odur ki, 3 illik istehsal məhdudiyyəti məntiqsizdir – benzin/dizellə çalışan yeni avtobobillərə təşviq təyin etməyin məntiqi var, yeni avtomobillər ekoloji olaraq daha az zərərli olurlar. Amma elektriklə işləyən maşınlara belə yanaşma absurddur – 2010-cu il istehsalı elektrikli maşınla 2020-ci il istehsal tarixi olan elektrikli maşının ekoloji cəhətdən heç bir fərqi yoxdur”.
N.Cəfərli bildirib ki, hər ikisi elektriklə işləyir, hər ikisi ekologiyaya ziyan vurmur, çünki eyni texnoloji məntiqlə çalışırlar:
“Ona görə də, hökumət elektrikli maşınlara tədbiq etdikləri 3 illik istehsal təşviqi msəsləsinə yenidən baxmalı, bu məsələ, ən azı son 10 il istehsal tarixi olan maşınlara tədbiq edilməlidir”.
Tribuna.az










