Süleyman Abdullayevlə ilk dəfə 9 il bundan əvvəl yaxından tanış olmuşduq. Sənətkarın 75 illik yubileyi münasibətilə müsahibə üçün evinə qonaq getmişdim. Hələ o vaxtdan sağlamlığı ilə bağlı ara-sıra problemlər yaşasa da, qüruru “ağlamağa” imkan vermirdi.

Səhnələri səsi, sənəti ilə tir-tir titrədən, ən çox el şənliklərinə dəvət olunan sənətkarın kiçik həyətli, dəbdəbədən xeyli uzaq evini görəndə açığı, biraz təəccüb etmişdim. Amma o kiçik, sadə evdə qəribə bir səmimiyyət, doğmalıq vardı. Dədə Süleyman çəliyinə yaslanıb məni qapıda özü qarşılamışdı. Ara-sıra zarafatla atdığı atmacaları anlaya bilmirdim. Sonra həyat yoldaşı sənətkarın nəyə işarə etdiyini başa salırdı mənə. Diktafonu işə salanda dedi, “Bala, bir əlini saxla. Çay iç. Bizim arvad qəşəng mürəbbələr bişirir. Çay içək, ağzımız şirin olsun, sonra onu (diktafona işarı edirdi) işə salarsan”.
Süleyman Abdullayev böyük sənətkar Seyid Şuşinskinin tələbəsi olub. Qəribədir ki, Dədə Süleyman da yaşlandıqca üzdən Seyid Şuşinskiyə bənzəyirdi. Bilmirəm, bəlkə də mənə elə gəlir. Hətta bunu özünə də dedim. Gülümsündü. Dedi ki, “Yox nə danışırsan, Seyid məndən şux kişi idi. Qəşəng geyinirdi. İndi bu (həyat yoldaşı Sahibə xanım-G.M) olmasa, mən geyim-keçimimi itirərəm”.
Seyid Şuşinskinin onu kəşf etməsinin xatirəsini danışanda gözləri parıldayırdı. Bu parıltıdan anlamaq olurdu ki, Seyid Şuşinski onun üçün müəllimdən də artıq bir şəxs olub: “O vaxt kənddə-kəsəkdə özüm üçün oxuyurdum deyə səsimdən xəbəri olanlar vardı. Amma bu sənətin arxasınca düşüb getmək, gəlib Bakda təhsilini almaq mənim heç ağlıma da gəlməzdi. Deməli, mən onuncu sinifdə oxuyanda müəllimim dedi ki, Seyid gəlib, yaxşı səsi olan uşaqlar axtarır. Ağabala Abdullayev də sənin adını deyib. Hazırlaş, gedirik Seyidin yanına. Mən də düşüb müəllimin yanına getdim. Gördüm, ağsaçlı, əlində çəlik, qəşəng geyinmiş bir kişi oturub bizi gözləyir. Oxudum, səsim xoşuna gəldi. Dedi ki, məktəbi qurtaran kimi gəl Bakıya”.
İnsan yaşa dolduqca xatirələrin ətəyindən daha bərk yapışır. Dədə Süleyman da köhnə xatirələrindən danışmaq üçün adam axtarırmış sanki. Bu günlə bağlı sual verəndə deyirdi, “neynirsən e, bu sualı verib. Gəl, sənə maraqlı xatirələr danışım. Mən ölüb gedəcəm, bu xatirələri özümlə aparmayım o dünyaya”.
Süleyman Abdullayevin ən çox duet oxuduğu xanım xanəndələr Tükəzban İsmayılova və Rübabə Muradova olub. Bir dəfə Filarmoniyanın səhnəsində Tükəzban xanımla duet oxuyublar. Onları da Həbib müşayət edirmiş. Tükəzban xanım mahnının özünə aid bəndini oxuyandan sonra Dədə Süleyman zarafatla növbəti bəndi belə improvizə edir:
Ay qız, ay qız, işin nədir?
Qızıldandır, dişin nədir?
Həbib kimi yoldaşın var,
Süleymanla işin nədir?
Elə bu bəndi deyəndə zalı gurultu, gülüş götürüb. Tamaşaçıları sakitləşdirmək xeyli vaxt aparıb.
O vaxtlar Filarmoniyanın səhnəsində Süleyman Abdullayevin, İslam Rzayevin, Arif Babayevin, Ağaxan Abdullayevin, Sabir Mirzəyevin möhtəşəm konsertləri olurdu. Amma ən yaxşı və anşlaqla keçən konsertlər məhz Süleyman Abdullayevlə Sabir Mirzəyevin konsertləri olub. Dədə Süelyman deyirdi, elə vaxtlar olub ki, camaat kassada bilet tapa bilməyib, əldən bilet alıblar.

Sovet dövründə Türkiyəyə Zeynəb Xanlarovadan sonra gedən ikinci xanəndə Süleyman Abdullayev olub. Bununla bağlı da çox maraqlı bir xatirə danışmışdı mənə: “1969-cu ildə Türkiyədə Beynəlxalq Musiqi Festivalı keçirilirdi. Böyük bir stadionda təşkil olunan həmin festivala qatıldım. Festivalda Ukraynadan və Rusiyadan gələn uşaqların rəqslərinə əsas yer verildiyi üçün ifaçılara hər çıxış üçün 5 dəqiqə vaxt vermişdilər. Ona görə də bizə rəhbərlik edən rus mənə dedi ki, muğam oxuma, rəqsarası fasilə zamanı mahnı oxuyub tamaşaçıların başını qatarsan. Nəhayət, adımı elan etdilər və səhnəyə çıxıb təxminən 5 dəqiqə oxudum. Stadionda əyləşənlər məni gurultu ilə alqışladılar. Vəziyyəti görəndə muğamı oxumağa razılıq verməyən rus fikrini dəyişdi və dedi ki, muğam da oxu. Beləliklə, 5 dəqiqənin əvəzinə 30 dəqiqə dayanmadan canlı mahnı və muğamlarımızı ifa etdim. 12 gün davam edən festivalın sonunda yenə də qalib oldum”.
Həmin festivaldan sonra Türkiyənin “İstanbul axşamı” qəzetində mənim haqqımda belə başlıqla yazı çıxır: “Dün gecənin qalibi yenə Süleyman oldu. O bir daha erkəkliyini sübut edib birinciliyi seçdi”.
Süleyman Abdullayevin səsdən başqa da fitri bir istedadı var idi. Mahnının sözləri yadınan çıxanda bədahətən düzüb-qoşar vəziyyətdən çıxardı.
Sənətkarın ömrünün və yaradıcılığının demək olar ki, yarıdan çoxu sovet dövrünü əhatə edib. Təbii ki, SSRİ rejimində sənətçilər də bəzi qadağalardan öz nəsibini alırdı. O dövrdə Təbrizin adını çəkmək qadağan idi. Amma Süleyman Abdullayev bu qadağaya məhəl qoymayıb: “Bir dəfə Rübabə xanımla konsertdə çıxış edirdik. Bilmədən belə bir qəzəl oxudum:
Dil açandan anamın, hər sözünə can demişəm,
Bu gözəl yurduma Azərbaycan demişəm,
Kim bölüb Azəri yurdun, Şimal ilə Cənuba?
Götürülsün yer üzündən, belə hicran demişəm.
Nə ola, Arazım axaydı Kür kimi doğma, əbədi,
Olaydım bir gün Təbrizə mehman demişəm
Mayadan dırnağı təcrid eləmək müşkül isə
Məni ölkəmdən ayırmaq deyil asan, demişəm.
Oxuyub səhnədən çıxandan sonra, bizi çağırıb dedilər ki, altı ay oxumayacaqsız. Filarmoniyadan bikef çıxıb evə gəldim. Üç gün sonra dedilər ki, Xan əmi səni axtarır. Xan əmiylə görüşdüm, mənə dedi ki, Ali Sovetin sədri səni çağırır. Getdik, sədr bizi qəbul elədi. Dedi: “Mən o gün konsertdə bu oğlana qulaq asdım, çox xoşuma gəldi. İstəyirəm bunu Operaya göndərim, bundan yaxşı Məcnun olar. Xan əmi, sən nə deyirsən?” Xan əmi də təsdiqlədi: “Vallah, Məcnun da qara olub, elə bu da qaradı. Səsi də ki, yarayır”. Elə bil Allah məni dilləndirdi. Dedim ki, bəs yoldaş sədr, mən daha oxumayacam axı. Dedi, niyə? Dedim, bəs o gün oxuduğum qəzələ görə, cərimələyiblər. Mənə altı ay oxumaq olmaz. Tez götürüb telefonu zəng etdi, tapşırdı üstümdən o cəzanı qaldırdılar. Mənə də tapşırdılar ki, bir də o qəzəli oxuma”.
Amma təəssüf ki, sənətkar heç vaxt Məcnun ola bilməyib. Bu barədə danışanda gözləri də dolmuşdu. Ən böyük arzusu Məcnun olmaq olsa da, sənətkar heç vaxt bu arzusuna çatmayıb:
“Opera Balet Teatrına getdim. Mənə kitab verdilər, məşq elədik. Bizi Rəhmətlik Bəhram Mansurov hazırlaşdırırdı. Ancaq qəfildən aralıq qarışdı, məşqlərimizi dayandırmalı olduq. Ondan sonra elə qaldım Filarmoniyada. Məcnun ola bilmədim, amma ürəyimdə qaldı. Mən əmin idim ki, Məcnun ola bilərəm”.

Dədə Süleyman muğam ustası olmaqla bərabər, xoş və ağır günlərində el-obasının yanında olan, xalqının ağır məsuliyyətini çiyinlərində daşıyan, cəbhə bölgələrində ən çox könüllü konsert verən sənətkarlardan olub.
Qarabağ işğal altında olanda, Ağdamda cəbhə bölgəsində erməni ilə yüz metr məsafədə konsert verib. Ona “Dədə” ləqəbini də xalq verib. Sənətkar 300 dən çox məcburi köçkün toyunda təmənnasız oxuyub, ömrü boyu qazandığından yetim-yesirə də pay verib.
Eşitmişdim ki, Süleyman Abdullayev hərbi xidmətdə olmayıb. Söhbətimiz zamanı xeyli götür-qoy etdim ki, bu sualı verim, ya verməyim. Dedim, birdən acığı tutar. Amma nəhayət qərara gəldim ki, işin əslini öyrənim. Dedim “Dədə, diktafonu söndürmüşəm. Səndən bir söz soruşmaq istəyirəm. Deyirlər, hərbi xidmətdə olmamısınız”. Mənə baxıb gülümsündü və dedi:
“Bala, əsgərlikdən qaçmaq ayrı şeydi, əsgərdən qalmaq ayrı. İndi danışaram nə təhər olub. 1964 cü il idi, mənə “paveska” (çağırış vərəqi) gəldi. Onda texnikumda oxuyurdum. Gəlib Seyid Şuşinskiyə dedim ki, Ağa, məni əsgərliyə aparırlar. O vaxt Hərbi Komissarlıq düz bizim məktəbin yanında idi. Rəhmətlik dərsin axırında durdu məni də götürüb Hərbi Komissarlığa apardı. Seyid mayor Əli Əliyevə dedi ki, bu mənim axırıncı tələbəmdir. Mən bilirəm ki, bu çox yaxşı xanəndə olacaq. Amma əsgər getsə, bunun səsi batar. Mayor dedi, Ağa, belə edək, Ramanada mənim bacımın toyu olacaq. Maşın göndərəcəm, Süleymanı da götürüb gələrsən toya. Yaxşı oxusa, əsgərlikdən saxlayacam. Getdik toya. Ağa oxudu. Sonra mənə işarə etdi ki, mən oxuyum. Mən də oxudum. Toy bitdi, biz maşına minib getdik. Yolda Ağa mənə dedi: “Süleyman, bilirsən, əsgərlikdən qaldın”. Dedim, Ağa, necə yəni qaldım?! Dedi: “Əliyevin anası gəldi, dedi ki, sən bu uşağı əsgərə aparsan, südümü sənə haram edərəm”.
Amma sonralar bunun peşmanlığını ömür boyu çəkib sənətkar. İçində həmişə əsgərlərə, o formanı geyinən kişilərə qarşı dəhşətli bir həsəd hissi olub.
Sağollaşıb qapıdan çıxanda çevrilib ən böyük arzusunu soruşmuşdum. Demişdi, ən böyük arzusu Qarabağın azad olunmasıdır: “ Ən böyük arzum Qarabağımızın qansız-qadasız qaytarılmasıdır. Ancaq və ancaq Qarabağı düşünürəm. Həftədə bir dəfə Qoçəhmədli kəndini yuxumda görürəm. Allah bir az da ömür versin, gedim o torpaqlardakı bulaqdan bir içim su içim. Orda ölüm, məni o torpaqda dəfn etsinlər”.
Süleyman Abdullayev Qarabağın azadlığını görsə də, son iki arzusunu həyata keçirtməyə ömrü vəfa etmədi. Dədə Süleymanın cənazəsi Kürdəxanıda torpağa tapşırıldı. Amma əminəm ki, ruhu Qarabağın səmasında azadlıq nəğməsi oxuyur.

BakuPost









