ABŞ-İran danışıqları ilə bağlı bəzi yeni detallar üzə çıxıb.
Tribuna.az xəbər verir ki, İran tərəfi Ağ Evin şərtlərini qəbul edəcəyi təqdirdə daha çətin vəziyyətə düşəcəyini proqnozlaşdırır.
“Fars” Agentliyi Tehran rəsmilərinə istinadən yazıb ki, ABŞ heç bir kompensasiya və ya zərər ödəməyəcək. “İrandan ABŞ-a 400 kiloqram uranın çıxarılması və çatdırılması, İranın yalnız bir nüvə obyektinin fəaliyyətinin davam etdirilməsi, İranın dondurulmuş aktivlərinin hətta 25 faizinin belə ödənilməməsi və danışıqlara tabe olan bütün ərazilərdə müharibənin dayandırılması Vaşinqtonun beş şərtidir”.
İRNA isə İran parlamentinin Şuraları Komissiyasının rəhbəri Məhəmməd Saleh Cokara istinadən yazıb ki, Tehranın, ələlxüsus dini lider Müctəba Xamineyinin 10 konkret şərti var. “Dini lider Müctəba Xameneinin 10 şərti istənilən danışıqların qırmızı xəttidir. Bu 10 şərtə İran silahlı qüvvələri ilə koordinasiyalı şəkildə Hörmüz boğazından nəzarətli keçid, müqavimət oxunun bütün elementlərinə qarşı müharibənin dayandırılması, ABŞ döyüş qüvvələrinin bölgədəki bütün bazalardan çıxarılması, İran tərəfinə zərərin tam ödənilməsi, bütün sanksiyaların ləğvi, İranın uranı zənginləşdirmək hüququnun qəbul edilməsi və İranın xaricdəki bütün dondurulmuş aktivlərinin azad edilməsi daxildir”.
Fərda Uğur









