ABŞ və İran arasında aparılan danışıqlar alınmadığından hərbi əməliyyatların yenidən başlama ehtimalları artıb.
Tribuna.az xəbər verir ki, artıq tərəflər də ritorikalarında “asaram, kəsərəm” ifadələrinə daha çox yer verməyə başlayıblar.
Belə ki, İsrail təhlükəsizlik rəsmiləri qarşıdakı günlərdə döyüşlərin yenidən başlama ehtimalını “50-50” olaraq qiymətləndiriblər.
Elə İranın dini lideri Müctəba Xamineyiyə bağlı olan “Keyhan” qəzeti də qeyd edib ki, müharibə uzaqda deyil. “Çox da uzaq olmayan gələcəkdə İsrail və ABŞ-ın İran hökumətinə qarşı müharibəyə başlama ehtimalı var”.
Ağ Evdə isə Irana hücumla bağlı fikir ayrılığı var. Tribuna.az xəbər verir ki, Tramp indi diplomatik səyləri davam etdirmək, yoxsa İrana qarşı yeni zərbələr də daxil olmaqla daha sərt tədbirlərə keçmək barədə qərar verməlidir.
Yerli mediada gedən xəbərlərdə qeyd edilir ki, Pentaqon rəsmiləri də daxil olmaqla, bəzi rəsmilər Tehranı güzəştə getməyə məcbur etmək ümidi ilə hərbi təzyiqi artırmağı müdafiə edirlər. “Digərləri isə danışıqların davam etdirilməsinin zəruri olduğuna inanırlar. Trampın özü son həftələrdə diplomatiya və iqtisadi təzyiqə meylli olsa da, İran aprel ayında atəşkəs elan etdikdən sonra şərtlərini çətinliklə dəyişdirib”.
Amma dünən Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahu ilə danışığından sonra İrana yenidən xəbərdarlıq edib: “İran üçün vaxt daralır və onlar tez hərəkət etsələr yaxşı olar. Əks halda onlardan heç nə qalmayacaq. Vaxt bitdi!”
Fərda Uğur









