Az qala 3 il öncədən bilinirdi ki, bu tarixdə Bakıda qlobal forum keçiriləcək. Tədbirlərlə bağlı Prezident sərəncam imzalayıb, Təşkilat Komitəsi yaradılıb, məsul şəxslər müəyyənləşdirilib.
Amma qəribədir ki, belə bir beynəlxalq tədbirin keçirildiyi gündə Dövlət İmtahan Mərkəzi ölkə əhəmiyyətli magistratura imtahanı da planlaşdırıb. Bu necə koordinasiyadır?
Təşkilat Komitəsi bu tip məsələləri nizamlamalı deyildimi?
Bir tərəfdə şəhərdə geniş təhlükəsizlik tədbirləri, bağlanan yollar və yüksək trafik var, digər tərəfdə isə minlərlə insanın vaxtında çatmalı olduğu, ölkə miqyaslı bir imtahan.
Xeyli sayda insanlar da yollarda qalıb, imtahana gecikib və ya ümumiyyətlə imtahana çata bilməyib.
Tribuna.az xəbər verir ki, bu barədə danışan Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz bildirib ki, rəqəmsallaşmadan, “smart city”, müasir şəhər idarəçiliyindən danışırıqsa, ilk növbədə dövlət qurumları arasında məlumat paylaşımı, vahid planlama və koordinasiya işləməlidir:
“Əks halda bütün bu plansızlığın nəticəsini yenə vətəndaş yaşayır. Vətəndaşlarımız yollarda qalır, stress keçirir, imtahana çata bilmir və bununla da dövlət idarəçiliyinə inam zədələnir.
Yüksək səviyyəli forumlar keçirmək çox yaxşıdır, lakin bununla iş bitmir axı.
Əsas məsələ eyni zamanda qurumlar arasında intizamın, məsuliyyətin, koordinasiyanın və
idarəetmə mədəniyyətinin işləməsidir.
Ümumiyyətlə son zamanlar baş verənlər göstərir ki, dövlət intizamının gücləndirilməsi üçün, həmçinin tapşırılan işə cavabdehliyin və məsuliyyətin gücləndirilməsi üçün daha sərt tədbirlər görülməlidir”.
Gülşən Rəsul










