Dövlət Statistika Komitəsi 2022-ci ilin iqtisadi yekunlarına dair ilkin məlumatları açıqlayıb. Açıqlanan məlumata əsasən, neft-qaz sektorunun real olaraq ölkədə iqtisadi artıma heç bir töhfəsi olmayıb, əksinə azaldıcı təsir edib.
Tribuna.az xəbər verir ki, bu barədə məlumat paylaşan iqtisadçı Rövşən Ağayevin sözlərinə görə, iqtsadiyyatın 4.6% böyüdüyü şəraitdə neft-qaz sektoru real olaraq 3% azalıb:
“Amma neft sektorunun büdcəyə ödəmələri 2021-ci illə müqayisədə 1.8 mlrd. manata yaxın artaraq 15.3 mlrd. manata çatıb. İqtisadi artımın mühərriki olan qeyri-neft sektorunun 2022-dəki artımı hesabına büdcəyə töhfəsi neft sektorunun töhfəsinin cəmi 25%-i qədər olub. Yenə də büdcənin neftdən asılılığı 50% ətrafında olub. Vergi orqanlarının xəttilə 7 mlrd. manat yaxın artan büdcə gəlirlərinin 75%-ni 3% azalan neft-qaz sektoru, 25%-ni isə 9% böyüyən qeyri-neft sektoru təmin edib.
Bir sözlə, 2022-ci ildə də neft-qaz sektoru iqtisadiyyat üçün oyandığı “pul kisəsi” rolunu uğurla davam etdirə bilib. İxracın artımına töhfəsi isə neft sektorunun töhfəsinin 40-da biri qədərədir.
Nominal ÜDM-nin formalaşmasında neft-qaz sektorunun payı isə 36%-dən 48%-ə yüksəlib.









