“Fevralın 15-dən etibarən mobil telefonların qeydiyyatı sərtləşdirilib. Artıq İMEİ kodu Dövlət Gömrük Komitəsinin (DGK) bazasında olmayan telefonları Mobil Cihazların Qeydiyyat Sistemində (portal.rinn.az) qeydiyyatdan keçirmək mümkün olmur. İMEİ kodu bir ay müddətində qeydiyyatdan keçirilməyən telefonlar da təbii ki, mobil operatorlar tərəfidən bloklanacaq və işləməyəcək. Azərbaycan ərazisinə daxil olacaq istənilən mobil telefonların İMEİ kodları məcburən bəyan edilməlidir. Yəni, burada söhbət yalnız mobil telefonun gömrükdə bəyan edilməsindən deyil, onun həm də İMEİ kodunun bəyan edilməsindən gedir. Hansı ki, əvvəllər məhz telefonun özü bəyan edilirdi. Güman ki, artıq Dövlət Gömrük Komitəsi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi informasiya sistemləri inteqrasiya olunub”.

Bunu Bakupost.az -a açıqlamasında “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.
Onun sözlərinə görə, ölkəyə gətirilən mobil telefonların bəyan edilməsi DGK-nın Smart Customs mobil tətbiqi və ya e.customs.gov.az portal vasitəsilə reallaşacaq:
“Ölkəyə şəxsi məqsəd üçün gətirilən mobil telefonun qiyməti 800 dollardan artıqdırsa, məhz həmin artıq hissəyə təxminən 40 faizədək gömrük rüsumu və gömrük xərcləri hesablanacaq. Bütün bu məsələlər Nazilrər Kabinetinin məşhur qərarı və 2011-ci ildə təsdiq edilən “Mobil cihazların qeydiyyatının aparılması Qaydası” ilə tənzimlənir. Əlbəttə, bu sərtləşmə , ilk növbədə şəxsi məqsədlər adı altında mobil telefon biznesi quranlara zərbə vuracaq. Hansı ki, onlar bununla mobil telefonları gömrük rüsumu ödəyənlərdən daha ucuz sata bilirdilər. Sadə vətəndaşlar isə, şübhəsiz ki, bazarda mobil telefonların qiymətlərinin artımını müşahidə edəcəklər. Vəziyyətdən çıxmaq üçün, İMEİ kodalrını süni yollarla, müxtəlif proqramlardan istifadə etməklə qeydi-qanuni dəyişdirilməyi məsləhət görmürük. Ən azı ona görə ki, hökumət paralel olaraq bununla bağlı cərimələri sərtləşdirib”.
Osman Gündüz qeyd edib ki, hazırda İMEİ kodlarının qeydiyyat rüsumları hədsiz dərəcədə yüksəkdir:
“Əvvəllər 5 manata olan bu rüsum bir neçə il öncə 30 dəfəyədək qaldırılıb , təxminən 20-150 manat civarında müəyyən edilib və indi də qüvvədədir. Lakin ötən ilin sonu “Dövlət rüsumu haqqında” qanuna edilən dəyişikliklə mobil cihazların qedyiyyat rüsumlarına yenidən baxılması üçün Nazirlər Kabinetinə 2 ay vaxt verilib. Yeri gəlmişkən , bir daha xatırladıram ki, bir qədər inanılmaz olsa da, uzun müddət mobil telefonların qeydiyyat rüsumlarından əldə edilən vəsaitlərdən, mövcud normalara əsasən, həm də Prezident Administrasiyası və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi əməkdaşlarının sosial müdaifəsini gücləndirmək üçün istifadə edilib”.









