Dövlət İmtahan Mərkəzininin təşkil etdiyi Müəllimlərin işə qəbulu (MIQ) imtahanının keçirilməsində yaranan qeyri-müəyyənlik narazılıqlara səbəb olub.
Tribuna.az xəbər verir ki, bununla bağlı təhsil eksperti Elçin Əfəndiyev sosial şəbəkə hesabında paylaşım edərək bildirib ki, aylardır imtahana hazırlaşan namizədlər haqlı olaraq etiraz edirlər.
Ekspert qeyd edib ki, rəsmi açıqlamaya əsasən MIQ imtahanının 1–8 iyul tarixlərində keçirilməsi nəzərdə tutulsa da, bu baş verməyib və iyulun 8-i olmasına baxmayaraq, imtahanın dəqiq tarixləri hələ də açıqlanmayıb.
Elçin Əfəndiyevin sözlərinə görə, ərizə qəbulunun başa çatmasına baxmayaraq, ödəniş üçün ayrıca qeydiyyat sistemi yaradılıb və namizədlərdən xidmət haqqı kimi 40 qəpik ödəniş tələb olunur.
Təhsil eksperti bildirib ki, Dövlət İmtahan Mərkəzi daha şəffaf və operativ sistem qurmalı, ödəniş imkanını birbaşa ərizə qəbulu mərhələsində təmin etməlidir.
Onun fikrincə, prosesin uzanması on minlərlə namizədin planlarını pozur.
“55-60 min insan sizin ləngliyinizin əziyyətini niyə çəkməlidir? Gec olmadan imtahan tarixlərini elan edin ki, insanlar planlarını qura bilsinlər”, – deyə Elçin Əfəndiyev paylaşımında vurğulayıb.
Gülşən Rəsul










